12px13px15px17px
Tarix:18/01/14

Dünyanın 34 ən böyük tədqiqat qrupundan SOS siqnalı - uşaqların fiziki hərəkətləri kompüterə dəyişməsi ciddi fəsadlara gətirir

Texnologiyalar insan həyatını nə qədər asanlaşdırsa da, o qədər də mənfi təzahürlər qaçılmazdır. Xüsusən bu gün bütün sahələrdə kompüterlərin tətbiqi müasir insanlar üçün oturaq həyat tərzini gündəlik normaya çevirməkdədir. Sivilizasiyanın gətirdiyi bu problem isə yalnız böyükləri deyil, elə kiçikləri də hədəf götürüb.
 
Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi
 
Vəziyyətin ciddiliyini nəzərə alan Azərbaycanın Təhsil Nazirliyi də oturaq həyat tərzinin fəsadları ilə bağlı maarifləndirmə işlərinə başlayıb. Belə ki, nazirliyin sifarişi ilə "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilib. Nazirlikdən bildirilib ki, Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.
 
Təhsil müəssisələrinə oturaq həyat tərzinin fəsadlarını əks etdirən disklər paylanmaqdadır
 
Hazırda film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılmaqdadır. Daha geniş yayımlanması üçün film mərkəzi və regional kanallara da təqdim edilib. Filmin ictimaiyyətə çatdırılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda, Azərbaycan Respublikası təhsil nazirinin "Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.
 
Müasir uşaqlar saatlarla kompüter qarşısında əyləşməyə üstünlük verirlər
 
Filmdə qeyd edilir ki, müasir uşaqlar hərəkət etmək istəmirlər: "Uşağın xəstə olması bütün ailə üçün faciədir. Bu xəstəlik sağalmaz olduqda, uşağın ömürlük şikəst qalacağı məlum olanda vəziyyət daha da ağırlaşır. Məsələn, uşaq serebral iflici ölüm hökmü kimi səslənir". Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə psixoanalitik  Ziqmund Freyd tərəfindən təklif edilib. Bu xəstəlik baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır: "Bəs bu ağır xəstəliyin müalicəsinə nə kömək edir? Uşaqlar intensiv hərəkət etməyi çox sevirlər. Ancaq dünyanın 34 ən böyük tədqiqat bürosunun yaydığı məlumatlara görə, müasir uşaqların çoxu hərəkətli oyunlar və ya idmanla məşğul olmaqdansa, oturub televiziya verilişlərinə baxmağa və saatlarla kompüter qarşısında əyləşməyə üstünlük verirlər".
 
İbtidai sinif şagirdləri kompüter və televizor qarşısında 1,5-2 saat, orta sinif şagirdləri isə 1-3 saat vaxt keçirir
 
Bəs nə üçün uşaqlarda anadangəlmə olan hərəkətə meyillilik zaman keçdikcə azalır? Milli Uşaq Sağlamlığı Mərkəzinin Uşaq və gigiyenası institutunun direktoru, tibb elmləri doktoru, professor Kuçma Remiroviçin sözlərinə görə, 2006-cı ildə dövlət statusu alan akademiya bütün təhsil strukturunu və proqramlarını kompleks şəkildə nəzərdən keçirib və belə bir qənaətə gəlib ki, məktəbdəki ictimai mühit bəzən uşaqların sağlamlığına mənfi təsir göstərir: "Eyni zamanda müasir dövr  biz insanlarda yeni vərdişlər, oturaq stereotipləri formalaşdırır. Müasir iş yerləri və təhsil ocaqları insanlara başqa seçim imkanı vermir. Yaranmış bu şəraitdə insan yalnız oturmalıdır". Təxmini hesablamalar göstərir ki, ibtidai sinif şagirdləri səhər yeməyi, nahar, şama 1 saat, məktəbdəki dərslərə 3-5 saat, ev tapşırıqlarının yerinə yetirilməsinə 1,5-2 saat, kompüter və televizor qarşısında 1,5-2 saat sərf edir". Nəticədə 15 saatlıq oyaq qalma vaxtının 7-8 saatı ancaq oturaq vəziyyətə keçir ki, bu da zamanın 50-60 faizi deməkdir. Orta sinif şagirdləri səhər yeməyi, nahar, şama 1 saat, məktəbdəki dərslərə 6-7 saat, ev tapşırıqlarının yerinə yetirilməsinə 2-3 saat, kompüter və televizor qarşısında 1-3 saat sərf edirlər.
 
 
Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqının sədri: "Təkcə məktəblərin kompüterləşdirilməsi prioritet olmamalıdır"
 
Nəticədə 16 saatlıq oyaq qalma vaxtının 10-14 saatı, yəni 60-70 faizi oturaq keçir. Bunun sayəsində şagird günün sonunda möhkəm yorğunluq və stress hiss eləyir: "Belə vərdişin kökü uşaqlarda əsasən məktəb yaşlarından qoyulur. Tədqiqatlar müasir insanlar, o cümlədən uşaqların keçirdiyi oturaq həyat tərzi ilə bu gün genişlənməkdə və daha gənc nəsli əhatə etməkdə olan əlillik arasında bağlılıq olduğunu təsdiqləyir".
Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqının sədri Anatoli Korobeynikov qeyd edir ki, müasir dövrdə təkcə məktəblərin kompüterləşdirilməsi, tibbi və qidalanmanın yaxşı olması prioritet olmamalıdır. Tədris prosesində şagirdlərin bir fərd kimi qəbul olunması, təbiət, ətraf aləmlə əlaqəsi gücləndirilməlidir.
 
Yeni təhsil texnologiyalarının tətbiqi həyati zərurətə çevrilib
 
Azərbaycanda bununla bağlı həyata keçirilən tədbirlərə gəlincə, təhsil naziri 11 dekabr 2013-cü il tarixdə "Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmr imzalayıb: "Təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi, təhsil prosesində diferensial yanaşma və fərdilik prinsiplərinin nəzərə alınması həyati zərurətə çevrilib".
 
Kompüter oyunları öz təsirlərinə görə seçilirlər
 
Təbii ki, müasir dövrdə oturaq həyat tərzini diktə edən əsas texnologiya ilk növbədə kompüter hesab edilir. Ofis işində çalışaraq, bu texnologiya ilə mütəmadi təmasda olan böyüklərlə yanaşı, məktəb və ya ev şəraitində onlardan istifadə edən balacalar da kifayət qədər ciddi təhdidlərə məruz qalırlar. Balacaları ekran qarşısına cəlb edən isə çoxsaylı kompüter oyunları olur. Müxtəlif tədqiqat qruplarının apardığı araşdırmalara görə, bu oyunlar formalaşmaqda olan nəslin aqressivliyinə səbəb olan ilk amillərdəndir. Məsələn, ABŞ-ın Ohayo Dövlət Universitetinin apardığı tədqiqatlar göstərir ki, kompüter, videooyunları öz təsirlərinə görə seçilirlər. Belə ki, sakit oyunlar oynayan uşaqlardan fərqli olaraq, zorakılığı təbliğ edən kompüter oyunlarını seçən yeniyetmələr daha çox oğurluğa, dələduzluğa, insanları aldatmağa meyilli olurlar. Ümumilikdə kompüterdən həddindən artıq istifadə edən uşaqlar daha çox yeyir, dərslərinə qarşı diqqətsiz olurlar. Psixoloqların fikrinə görə, videooyunlardan asılı vəziyyətə düşən yeniyetmələr hətta özünü nəzarət hissini itirə, cəmiyyətdən tamamilə uzaqlaşa bilərlər. 
 
Uşaqlar kompüterdən hansı yaşda istifadə etməli?
 
Bəs uşaqlar kompüterdən hansı yaşda istifadə etməlidirlər? Bununla bağlı verilən çoxsaylı tövsiyələr cüzi fərqlənsə də, mütəxəssislərin müxtəlif yaş qrupları üçün təklif etdikləri rejimlər, demək olar ki, üst-üstə düşür. Hesab edilir ki, 3 yaşa qədər olan uşaqlar virtual dünyanı hələ tam dərk etmirlər. Ona görə də bu yaşda olan uşaqlar valideynləri ilə bərabər gündə 5-10 dəqiqə kompüter arxasına keçə bilərlər. 3-5 yaş arasındakı uşaqları daha çox oyun proqramları maraqlandırır: "Bu yaşlar arasındakı uşaqlar artıq virtual dünyanı dərk etməyə başlayırlar. Hesab edirəm ki, bu yaşda olan uşaqlara gündə 30 dəqiqəyə qədər kompüterlə məşğul olmağa icazə vermək olar. 5-9 yaş arasında olan uşaqları fərdi proqramların maraqlandırdığını deyən mütəxəssislərin fikrinə görə, onlara gündə 60 dəqiqəyə qədər kompüterdən istifadə etməyə icazə vermək olar. 9-13 yaşlıların virtual dünyanı demək olar ki, tam dərk etdiklərini iddia edənlər bu yaşlar arasında olan uşaqlara şənbə və bazar günləri maraqlı oyunlarla tanış olmağa icazə verilməsini düzgün sayırlar.
 
"Ağıllı" texnologiyalardan ağılla istifadə etsək...
 
 
Kompüter texnologiyalarının müsbət tərəflərinə gəlincə, bəzi mütəxəssislər onun uşaqlarda gizli qabiliyyətləri üzə çıxardığını, həmçinin təxəyyül gücünü artırdığını bildirirlər. Kompüterin ünsiyyət imkanlarının genişləndirilməsində oynadığı rolu da danılmazıdr. Məsələyə valideynlərin münasibətinə gəldikdə, tədqiqatlara görə, onların 19 faizi uşaqların 3 yaşından kompüterlə tanışlığını müasir dövr üçün tam təbii hesab edirlər. Onların 61 faizi kompüteri uşaqları üçün maraqlı oyuncaq adlandırsa da, 96 faizi kompüterin uşaqların inkişafına müsbət təsir göstərdiyini qeyd edirlər.

Ümumiyyətlə isə, "ağıllı" texnologiyalardan ağılla istifadə etsək, müsbət tərəfin mənfi təzahürləri daha çox üstələdiyinin də şahidi olarıq. Məsələn, sağlamlıq, o cümlədən gigiyenik qaydalara düzgün riayət olunarsa, insan orqanizminin sağlamlığı üçün risk yaradan faktorlar aradan qaldırılmış olar. Təbii ki, ilk növbədə texnologiyanın necə və hansı şəraitdə yerləşdirilməsinə də diqqət edilməlidir. Kompüterlərlə təhlükəsiz və rahat işləmək üçün müəyyən vərdişlərə yiyələnmək kimi mühüm amillər isə təhsil müəssisələri ilə yanaşı, evdə valideynlər tərəfindən də diqqətdə saxlanılmalıdır. Həmçinin kompüter qarşısında keçirilən hər 1 saatdan sonra yaşından asılı olmayaraq hər kəsə 5 dəqiqəlik fasilə vacibdir. Təmiz havada gəzinti, otağın havasının dəyişilməsi, kompüter arxasında çalışanların çoxlu maye və meyvə-tərəvəzlə qidalanmasının da vacib şərtlərdən olduğu unudulmamalıdır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024