12px13px15px17px
Tarix:18/01/14

“Siemens” şirkətinin banisi haqda nə bilirik?

Ernst Verner fon Simens  məşhur alman mühəndisi, ixtiraçı, elektrotexnikanın yaradıcısı, sənaye sahibi, "Siemens" firmasının banisi, eləcə də ictimai və siyasi xadim kimi tarixə düşüb. "Tanınmışlar" rubrikasında məhz V.Simensin həyatı və fəaliyyəti barədə söhbət açacağıq.
 
 
Həyatı
 
Verner Simens 1816-cı il, 13 dekabr tarixində Hannoverin yaxınlığında Lentdə dünyaya göz açıb.
Lübekdə gimnaziyanı fərqlənmə ilə bitirdikdən sonra Simens Maqdeburqda artilleriya mühəndislik məktəbində təhsil alır. O, leytenant rütbəsi ilə Berlində artilleriya emalatxanalarında xidmət edir, ailəsinin maddi vəziyyəti ona ali təhsil almağa imkan vermir. 1839-cu ildə anasının və 1840-cı ildə atasının vəfatından sonra Verner ən böyük oğul kimi bacı-qardaşlarının qayğısına qalmalı olur.
Müəlliminin məsləhəti ilə o, Berlində Prussiya mühəndislik qrupuna daxil olmaq üçün ərizə verir, lakin oradan yox cavabı alır. Bundan sonra Verner Maqdeburqdakı artilleriya məktəbinə daxil olur. 1835-ci ilin payızında o, artıq Berlin artilleriya məktəbində zabit kimi çalışır. Bu məktəbdə və paralel olaraq Berlin Universitetində mühazirələrə gedərək o, öz təhsilini dərinləşdirərək, riyaziyyat, fizika, kimya və ballistika üzrə biliklərə yiyələnir, ixtiraçılıqla və elmi təcrübələrlə məşğul olur.
 
1838-ci ildə Verner təhsilini artilleriya üzrə leytenant rütbəsində başa çatdırır. Leytenant Verner Simens Maqdeburda xidmətə başlayır, ancaq qısa müddət sonra bir dueldə sekundant kimi iştirak etdiyindən beş il müddətində məhkum olunur. Həbsxanada o öz yerini bir laboratoriyaya çevirir və burada elektrik qalvanlaşdırma üçün yeni üsul ixtira edir. Tezliklə Simens əfv olunur və 1842-ci ildə Berlində hərbi xidmətini davam etdirir. Verner 1849-cu ilə qədər zabit kimi çalışır. Bununla bərabər Verner öz ixtiraları ilə pul qazanmaq istəyir. Onun ixtiraları praktiki xarakter daşıyırdı. Belə ki, o, buxar maşını üçün tənzimləyici, süni daş üçün pres maşınını düzəldir.
Sənayeçilik hərisi ilə yaşayan Simens 1852-ci ildə professor Dr.Drumanın qızı Mathilde Drumann (1824-1865) ilə evlənir. Onların iki qızı və iki oğlu olur. Matilda vəfat edəndən sonra Verner 13 iyul 1869-cu ildə ikinci dəfə öz qohumu Antonie Simenslə evlənir. Bu nikahdan onların oğlu Karl Friedrih (1872-1941) anadan olur.
Simens 1887-ci ildə Biesdorfda qəsr və onunla birlikdə təxminən 600 ha sahəni alır və bu mülkü sonra 1889-cu ildə oğlu Vilhelmə verir.
Verner fon Simens 1892-ci il, 6 dekabr tarixində Berlində sətəlcəm xəstəliyindən vəfat edib.
 
Elektrotexnika sahəsində həyata keçirdiyi işlər
 
Simens alman və Avropa elektrotexnikasının inkişafı istiqamətində mühüm xidmətlər göstərib. Hətta elektrotexnika termini elmə məhz Verner tərəfindən daxil edilib.
Verner Simens 1842-ci ildə kiçik cərəyan tətbiq etməklə, bir qaşıq təmiz gümüşü başqa metalın üzərinə çəkməklə Qalvanik texnikasının əsasını qoyur. Bu üsul üçün o, patent alır və üsulu bir zərgərə satır. Əldə edilən pula Verner qardaşı Vilhelmi həmin dövrdə sənayeləşmə sahəsində daha qabağa getmiş İngiltərəyə göndərir.
O, 1846-cı ildə özü tənzimlənən elektrik teleqraf qurğusu ixtira edir. Bundan əlavə onun gördüyü işlərə elektrik ötürməsi üçün naqillərin izolyasiyası texnologiyası da aiddir. Bu günə kimi elektrik naqilləri bu texnologiya ilə üzlənir.
Verner 1857-ci ildə içməli suları ozonla təmizləmək üçün ozon borusunu ixtira edir, elə həmin ildə əks axın cərəyanının prinsiplərini işləyir. O, 1866-cı ildə üçüncü olaraq dinamo elektrik prinsipini təsdiq edərək ilk dəfə olaraq dinamo maşınını düzəldir. Bu, ilk özü həyəcanlanan maşın olub elektrik enerjisinin yaradılmasında böyük rol oynayır. Elektrik enerjisinin əldə edilməsi üçün əvvəldə başqa üsullardan istifadə edilsə də, sonralar Simensin dinamo prinsipi yeni yaradılan generatorların əsasında durur.
 
Simensin sənayeçilik fəaliyyəti
 
12 oktyabr 1847-ci ildə zabit olmasına baxmayaraq Simens mexanik Yohan Qeorq Halske ilə birlikdə "Telegraphen-Bauanstalt Siemens & Halske" firmasını yaradırlar. Firma üçün əsas kapitalı böyük maliyyə imkanına malik Yohan Qeorq Simensə verir. O, bu firmaya ilkin kapital kimi 6000 Talerdən çox pul investisiya edir. Əsas şərt firmanın gəlirinin 20 %-nə sahib olmaq idi. Simens və Halskenin birgə işləməsi ixtisas cəhətdən bir-birinə ideal uyğun gəlirdi. Halske onun ideyalarını həyata keçirmək üçün praktiki qurğuları layihələndirirdi.
1848-ci ildə yeni yaradılmış firma dövlətdən əsas bir sifariş alır. Onlar Berlin-Frankfurt arasında teleqraf xəttini çəkməli idilər. Bu xətt 1849-cu ildə tikilib istifadəyə verilir. Bununla "Simens&Halske" firması məşhurlaşır. O, Prussiya ərazisində başqa teleqraf xətlərinin çəkilməsi üçün sifarişlər alır. Simens Almaniyadan kənara çıxaraq başqa məkanlara da ayaq basmaq qərarına gəlir. O, qardaşı Vilhelmin rəhbərliyi altında firmasının Londonda filialını açır. Verner ən böyük xarici sifarişi 1852-ci ildə Rusiyadan alır. Simens Varşava ilə Peterburq arasında, daha sonra isə Moskvaya teleqraf xəttini çəkməli idi. 1852-ci ildə Simens qardaşı Karlı Peterburqa tikinti işlərinə nəzarət etməyə göndərir. Karl tez bir zamanda Rusiya dövlətinin etibarını qazanır və oradan çoxlu sifarişlər alır. 1855-ci ildə Karlın fəaliyyəti qiymətləndirilərək onun üçün Rusiyada "Siemens & Halske" firmasının filialı açılır. Bu filial sonra "Simens" firmasının əsas bünövrəsinə çevrilir.
1865-ci ildə "Siemens & Halske" firmasının Londondakı filialı ayrılaraq "Siemens Brothers & Co." adlı ayrıca firma kimi fəaliyyət göstərməyə başlayır. Sonralar Halske ilə Simens qardaşları arasında olan fikir ayrılığı Halskenin 20 illik birgə fəaliyyətindən sonra 1867-ci ildə firmadan getməsi ilə nəticələnir. Bundan sonra Verner, Vilhelm və Karl Simens qardaşları firmanın tam mülkiyyətçisinə çevrilirlər.
1870-ci ildə üç il aparılan tikinti işləri nəticəsində "Hindistan-Avropa teleqraf xətti" London, Tehran və Kəlküttəni birləşdirir.
Nəhayət, 1879-cu ildə ilk elektrik lokomotiv və ilk dəfə olaraq küçələrin elektriklə işıqlandırılması, 1880-ci ildə Manhaymda ilk elektrik liftin nümayişi, 1881-ci ildə Lihtenfelddə (Berlin) ilk elektrik tramvayın sınağı, 1882-ci ildə dünyada ilk yuxarı elektrik naqil xətti ilə işləyən avtobusun sınağı həyata keçirilir.
 
Mükafatları
 
Verner Simens 1860-cı ildə Berlin Texniki Universitetinin fəxri doktoru seçilir. 1867-ci ildə Parisdə keçirilən Dünya sərgisində Simensin elektrik dinamo prinsipi ilə işləyən generatoru Fransanın "Fəxri legion ordeni"nə layiq görülür. O, həmçinin 1874-cü ildə həyata keçirdiyi layihələrə görə Prussiya Elmlər Akademiyasının üzvü seçilir. Ona 1880-ci ildə dövlət şurası tərəfindən  "Pour le Mérite" ordeni verilir. Elmdə və cəmiyyətdə gördüyü işlərinə görə Simens İmperator III Fridrix tərəfindən zadəgan səviyyəsinə yüksəldilir və "fon Simens" adlanır. Elektrik keçiriciliyinin vahidi onun şərəfinə adlanır. Onun sağlığında elektrik müqaviməti də "1 Simens" (1 SE = 0,944 Ohm) adlanırdı.
 
Cahangir Atakişiyev



Baxış sayı: 2894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 İyun 2017

25 06 2017