12px13px15px17px
Tarix:06/09/11

Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”

“RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ İLƏ MƏTBUAT ORQANLARI ARASINDA SAĞLAM İŞGÜZAR MÜNASİBƏTLƏR VAR”

Bu gün Azərbaycanda mediaya açıq olan, onunla sıx işləyən və jurnalistlərin də fəaliyyətindən razı qaldıqları mətbuat xidmətlərindən biri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətidir. Nazirlikdə bu qurum xeyli müddətdir fəaliyyət göstərir.

Müsahibimiz – mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov RİTN-in mətbuatla münasibətləri, bu sahədəki işin səviyyəsi və digər məsələlərdən danışıb.

– İlk növbədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuatla münasibətləri, mətbuat xidmətinin iş prinsipləri barədə məlumat verməyinizi istərdik.

– Bu gün, ümumiyyətlə, dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasəti və ənənələri davam etdirilərək, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görülür.

Qloballaşma və informasiya əsrində bütün dövlət orqanlarının fəaliyyətində professionallıqla yanaşı, şəffaflıq prinsiplərinin də tətbiq olunmasını təmin etmək zərurəti yaranır, onların ictimaiyyətlə əlaqələrinin fəallaşdırılması üçün təsirli tədbirlər görülür.

İndiki şəraitdə dövlət qurumları qarşısında KİV-lə normal, işgüzar münasibətlərin qurulması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulub.

Bundan başqa, mətbuatın müstəqilliyinin, maddi bazasının, maliyyə təminatının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, jurnalist nüfuzunun yüksəldilməsində dövlətin maraqlı olduğu bəyan edilir və bunun üçün konkret tədbirlər görülür.

Sırf Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuatla əlaqələrinin hansı formada qurulmasından danışsaq, xüsusi qeyd etməliyəm ki, RİTN bir dövlət qurumu kimi mətbuatla sıx əməkdaşlıq münasibətlərinin qurulmasında olduqca maraqlıdır. Cənab nazir Əli Abbasovun tapşırıq və tövsiyələrinə əsasən biz əməkdaşlıq imkanlarını genişləndiririk.

Gündəlik müşahidələrinizdən də yəqin bilirsiz ki, cənab nazir özü də mətbuatın işinə hörmətlə yanaşan şəxsdir. O, bütün hallarda jurnalistlərin suallarını səbirlə dinləyərək müfəssəl cavablar verir.

Bütün bunların nəticəsidir ki, RİTN-lə ölkənin istənilən mətbu orqanı arasında hər şeydən öncə səmimi, dostyana və sağlam işgüzar münasibətlər var.

Bu bizə imkan verir ki, bir-birimizin işinə hörmətlə yanaşaq. Belə olan təqdirdə, istənilən jurnalist istədiyi vaxt suallarına cavab tapmaq imkanına malik olur.

O ki qaldı mətbuatla işimizin hansı səviyyədə qurulmağına, sevindirici haldır ki, bu gün ölkədə İKT sektorundan yazan çoxlu sayda jurnalistlər var. Təbii olaraq, onlarla mütəmadi informasiya mübadiləsi edirik. Bununla belə, mətbuat işçiləri arasında fərq qoymuruq.

Bu sahəyə marağı olan, material hazırlamaq istəyən hər bir jurnalistə də əlimizdən gələn köməyi göstəririk. Müntəzəm olaraq, informasiyalar, press-relizlər hazırlayıb mətbuata yayırıq. Bütün bunların nəticəsidir ki, hər gün ölkə qəzetlərində rabitə və informasiya texnologiyaları sahəsinə aid məlumatların dərc edilməsi bir ənənə halını alıb. Hesab edirəm ki, bu bizim uğurumuzdur.

– Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin media ilə iş sahəsində nə kimi ənənələri yaranıb və bu gün o ənənələrin hansı əsas götürülür?

– Mətbuatla işin qurulmasında xüsusi metodikadan istifadə etmirik. Müasir texnologiyanın verdiyi bütün imkandan yararlanaraq mətbuata dolğun, ətraflı məlumatlar ötürülməsi üçün çalışırıq.

Bizim əsas məqsədimiz rabitə və informasiya texnologiyaları sektoru üzrə bütün məlumatları daha dəqiq şəkildə mətbuata, ictimaiyyətə və hətta beynəlxalq aləmə çatdırmaqdır.

– Bəs media ilə işinizi daha da təkmilləşdirmək üçün nə kimi planlarınız var?

– Artıq may ayının 17-dən etibarən “ictnews.az” elektron xəbər xidmətini istifadəyə vermişik. Bu xidmət vasitəsi ilə, biz daha geniş auditoriya ilə əlaqə saxlamaq imkanı əldə etmişik. İndi birbaşa xəbər mübadiləsini bu sayt vasitəsi ilə həyata keçiririk.

– Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə işləyən jurnalistlərin peşəkarlığını necə dəyərləndirirsiniz?

– Bizim qurumla əməkdaşlıq edən jurnalistlər kifayət qədər operativdirlər.

Gün ərzində bir neçə jurnalist bizimlə əlaqə saxlayır və onlara lazımi informasiyanı ötürürük. Mən arzu edərdim ki, bizim məsləkdaşlarımız İKT sektoru ilə bağlı tək informasiya xarakterli yazılarla kifayətlənməsinlər, analitik, maarifləndirici xarakterli məqalələrə də öz yaradıcılıqlarında yer versinlər.

Artıq xeyli müddətdir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə həyata keçirilən layihə əsasında jurnalistlər İKT sektoru ilə bağlı daha geniş sahəni əhatə edən analitik yazı və müsahibələr hazırlayırlar.

– Jurnalistlər bəzi mətbuat xidmətlərinin işindən narazıdırlar. Bu da daha çox mətbuat xidmətini lazım olan anda yerində tapmamaqdan, telefon zənglərinə cavab verməməkdən, yaxud sorğuları cavablandırmamaqdan irəli gəlir. Siz media ilə işinizin təhlilini aparmısınızmı və nəticələr necə olub?

– İş qrafikindən asılı olmayaraq istənilən suallarla bağlı bizə müraciət edən jurnalistlərin suallarını yazılı və ya şifahi formada cavablandırırıq. Günün istənilən saatında jurnalistlər bizə müraciət edirlər. Hətta məzuniyyət vaxtı belə mətbuat nümayəndələri ilə mütəmadi əlaqə saxlayırıq. Mətbuat xidmətinin rəhbəri telefona cavab vermirsə və ya yerində olmursa, bu, o demək deyil ki, bütün bunlar jurnalistlərin suallarından yayınmaq üçün süni şəkildə yaradılmış maneələrdir.

Təbii ki, mətbuat xidmətlərinin rəhbərləri də hər hansı bir qurumda cavabdeh şəxsdir, onlar tədbir və iclaslarda iştirak edir.

Belə olan halda onların telefon zənglərinə cavab verməməsi və ya iş yerində olmaması normal haldır. Kimsə bunu süni şəkildə edirsə, təbii ki, bu, heç də təqdirəlayiq hal deyil.

– Necə düşünürsünüz, media ilə uğurlu əməkdaşlıq qurmaq mətbuat xidmətindən nə dərəcədə asılıdır?

– Zənnimcə, uğurlu əməkdaşlıq hər iki tərəfin birgə səyi nəticəsində mümkündür. Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri qarşılıqlı olaraq bir-birlərinə hörmətlə yanaşmağı, yeri gələndə güzəştə getməyi bacarmalıdırlar. İllərin təcrübəsi göstərir ki, birgə əməkdaşlıq ənənələri səmimi münasibətlər kontekstində daha möhkəm olur.

Hər iki tərəf üzərinə düşən işi layiqincə yerinə yetirməyə çalışsa, operativliyi təmin edə bilsə, heç bir narazılıq da qeydə alınmaz.

– İnformasiya Kommunikasiya Texnologiyalarının gündəmə gəlməsi və son illər bu sahədə ciddi inkişafın baş verməsini nəzərə alsaq, sizin fikrinizcə, jurnalistlərimiz bu imkanlardan nə dərəcədə yararlana bilirlər?

– Müasir dövrdə jurnalistika ictimai və siyasi həyatda müstəsna rol oynayır. Mətbuat əhalinin tərbiyəsində qüdrətli vasitə kimi haqq sözü yayır, insanların yaradıcılıq fəallığını yüksəldir.

Qloballaşma dövründə dünya jurnalistikası yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur ki, bu da informasiyanın maksimum operativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə bağlıdır.

Hazırda Azərbaycan mətbuatı da bəşəriyyətin ən qabaqcıl texnologiyalarından və ideyasından bəhrələnir, beləliklə, getdikcə təkmilləşir. Bu gün bütün sahələrin inkişafında əvəzsiz rol oynayan müasir texnologiyalar mətbuatdan, jurnalistikadan da yan keçməyib.

XXI əsrin belə bir güclü meyli göstərir ki, informasiya texnologiyasının yeni inkişaf tempi mətni, qrafik formanı, səsi, bunların hamısını rəqəm formasına keçirməkdədir.

Bu mənada jurnalistikada daha bir termin işlək olmağa başlayıb: digitallıq, rəqəmləşmə, məzmunun müasir kompyuter dilinə çevrilməsi. Bu proses informasiyanın yaradılması və ötürülməsində, onun qəbul edilməsində bundan əvvəlki bütün ənənəvi maneələri arxada qoyur.

Digitallıq ayrı-ayrı kütləvi informasiya vasitələri arasındakı fərqləri aradan qaldıraraq, konvergensiyaya yol açır. Məhz bu mənada konvergensiya indi KİV-in gələcəyi haqqında müzakirələrin diskussiya obyektinə çevrilməkdədir.

Belə bir elmi fikir də meydana çıxıb ki, yaxın on ildə konvergensiya prosesi nəinki KİV sistemini, habelə onunla bağlı sənaye sahələrini də tamamilə dəyişə bilər.

Keçən əsrin sonu və indiki yaşadığımız əsrdə dünya təcrübəsində qəzetin inkişaf meyilləri, qəzet sənayesinin gələcəyi ilə əlaqədar proqnozlar müxtəlifdir.

Tarixə qısa bir ekskursiya etsək, görərik ki, Amerikada radionun 50 milyon auditoriya əldə etməsindən ötrü 38 il vaxt keçmişdir. Televiziya bu qədər auditoriyanı 14 ildə qazanıb. İnternet isə ABŞ-da cəmi bir il müddətində 50 milyonluq abunəçiyə sahib olub.

Beləliklə, yeni texnika və texnologiya əsrində daha çox jurnalistin əməyinin yüngülləşməsinə, onun topladığı, işlədiyi informasiyanı istehlakçının daha asan, daha tez qəbul etməsinə geniş imkanlar yaranıb. Əlbəttə, bu istiqamətdə çox uzun bir yol qət edilib.

Kütləvi informasiya vasitələri indiki səviyyəsinə heç də birdən-birə gəlməyib. Nəzərə almaq lazımdır ki, Azərbaycan mətbuatının zəngin və ibrətamiz tarixi, mübariz ənənələri, özünəməxsus prinsipləri, şərəfli vəzifələri vardır.

http://www.525.az/view.php?lang=az&menu=29&id=34198



Baxış sayı: 3274

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






22 Dekabr 2024

21 12 2024