12px13px15px17px
Tarix:07/07/17

Zərərli proqram təminatının sayında azalma qeydə alınıb

“AV-Test Son” laboratoriyası 2016-2017-ci illər üçün informasiya təhlükəsizliyi üzrə hesabat təqdim edərək son ildə zərərli proqramların sayında 2015-ci illə müqayisədə 14 faiz azalmanın qeydə alınmasına baxmayaraq onların daha mürəkkəb xarakter almasını bildirib. Hesabata görə, 2016-cı ildə 127,5 milyon zərərli proqram aşkarlanıb. Bir il əvvəl bu göstərici 144 milyon təşkil edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, zərərli proqramların ümumi sayı yüksək olaraq qalır və hazırda 640 milyondan çoxdur. “Windows” hələ də ən çox hücumun həyata keçirildiyi əməliyyat sistemidir. 2016-cı ildə zərərli proqram təminatının 69,96 faizi, 2017-ci ilin birinci rübündə 77,22 faizi “Windows” sisteminə qarşı yönəlib.

“macOS” platformasına da hücumların sayında artım müşahidə olunur. 2015-ci il göstəricisi ilə müqayisədə “macOS” üçün zərərli proqramların sayı 370 faiz artıb və onların əksəriyyətini troyanlar təşkil edib. 2015-ci ildə “macOS” üçün nəzərdə tutulan 819 müxtəlif təhlükə mövcud idisə, 2016-cı ildə onların sayı 3033 nümunəyədək yüksəlib.

Bildirilir ki, “Android” əməliyyat sistemi üçün təhlükələrin yayılma dinamikasına diqqət yetirdikdə burda da zərərli proqramların sayında artım müşahidə etmək mümkündür. Təkcə iyunda ekspertlər tərəfindən “Android” üçün 650 minə yaxın zərərli proqram aşkar edilib ki, bu da əməliyyat sisteminin işıq üzü gördüyü vaxtdan ən yüksək göstərici hesab edilir.

Təhlükələrin yayılma statistikasına görə, zərərli proqram təminatının payı 1 faiz təşkil edib. Bununla belə, şifrləyici proqramların vurduğu ziyanın miqyasını nəzərə alaraq bu qiymətləndirməyə bir qədər şübhə ilə yanaşmaq olar. Ekspertlər qeyd edir ki, fırıldaqçılıq hücumlarında ilk növbədə biznes mühitinə qarşı yönələn yüksək texnologiyalı proqram təminatı tətbiq edilir. Məsələn, şifrləyici proqramların yoluxdurduğu elektron məktublar yalnız iş günlərində göndərilir.

Nizam Nuriyev 




Baxış sayı: 329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024