12px13px15px17px
Tarix:13/12/17

Dünya informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz artıb

“Canalys” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada kibertəhlükəsizlik üçün xərclərin 9 faiz artaraq 8 milyard dollara çatmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, kibertəhlükələrin sayının çoxalması informasiya təhlükəsizliyinin təmini üçün həllər bazarının həcminin artmasına şərait yaradır.

Tədqiqatı şərh edən şirkət analitiki Klaudio Ştanke bildirib ki, şifrləyici viruslardan istifadə edilməklə miqyaslı kiberhücumlar və təkmilləşmiş fişinq hücum texnologiyaları praktikada sübut edir ki, müəssisə və təşkilatlar məlumatların mühafizəsi və fasiləsiz işin təmini üçün informasiya təhlükəsizliyi sistemlərini möhkəmləndirməlidirlər.  

Kibertəhlükəsizlik üçün həllər bazarında ən sürətli inkişaf edən seqment kimi mütəxəssislər tərəfindən illik hesablamada xərcləri 13 faiz artan kontent mühafizə vasitələri qeyd edilir. Bundan başqa, şəbəkə təhlükəsizliyinin təmini üçün xərclərdə 8 faiz, kibermühafizə sistemlərinin idarə edilməsi üzrə həllər seqmentində isə 5 faiz artım qeydə alınıb.

Həmçinin “Canalys” mütəxəssisləri qeyd edib ki, informasiya təhlükəsizliyi bazarının beş iri iştirakçısının sahə üzrə ümumi mədaxildə payı təxminən 34 faiz olub. Doqquz faiz həcmində ən böyük töhfəni isə bu ilin iyul-sentyabrında “Cisco” şirkəti verib.

“Canalys” reytinqində “Cisco” şirkətindən sonrakı yerlərdə bazar payları müvafiq olaraq 8,4, 6,6, 5,2 və 5,2 faizə bərabər “Symantec”, “Check Point”, “IBM” və “McAfee” şirkətləri qərarlaşıb. Hər dörd istehsalçıda, həmçinin 2016-cı ilin iyul-sentyabrı ilə müqayisədə artım müşahidə olunub. İllik hesablamada 22 faizlik ən böyük artımı isə “Symantec” şirkəti nümayiş etdirib. Şirkətin artımına bu yaxınlarda məlumatların mühafizəsi üçün “LifeLock” proqram təminatı tərtibatçısının və “Blue Coat Systems” informasiya təhlükəsizliyi şirkətinin satın alınması imkan yaradıb.

“Canalys” mütəxəssisləri xəbərdarlıq edib ki, 2018-ci ildə hakerlər süni intellektdən daha fəal istifadə etməyə başlayacaqlar və kiberhücumlar daha da kəskin xarakter alacaq. Bu, informasiya təhlükəsizliyi sahəsində, xüsusilə geniş məhsul portfelinə malik tədarükçülərdə kompleks həllərə tələbatı artıracaq.

 “Gartner” analitik şirkəti də 2018-ci ildə informasiya təhlükəsizliyi xərclərinin artacağını proqnozlaşdırır. Dünya təşkilat və müəssisələrinin bu məqsədlərə 96,3 milyard dollar sərf edəcəyi gözlənilir ki, bu da 2017-ci ildə proqnozlaşdırılan 89,1 milyard dollarlıq göstəricidən 8 faiz çoxdur.

Nizam Nuriyev 




Baxış sayı: 349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024