12px13px15px17px
Tarix:01/09/12

Rabitə ustası Zeynal Novruzov: “Vəzifə məni heç vaxt dəyişmədi”

İngilis sənətşünası və publisisti Con Reskinin belə bir kəlamı var: "İnsanın öz işində xoşbəxtlik tapmasının üç vacib şərti: onun bu işə gücü çatmalı, iş yorucu olmamalı və ona mütləq uğur gətirməlidir". Bu prinsipə riayət edənlər həyatda işinin ustasına çevrilənlərdir. İşinin ustası, peşəkarı olanlardan öyrənməli hələ çox şeylərin olduğunu nəzərə alıb, "Rabitə dünyası" bu dəfə də ustanın qapısını döydü.

Budəfəki müsahibimiz rabitə ustası, əməkdar rabitəçi, "Aztelekom"da tikinti sahəsi üzrə baş direktorun müşaviri Zeynal Novruzovdur. Onu kolleqalarından fərqləndirən bir məqam da ulu öndər Heydər Əliyevlə bağlı xoş, yaddaqalan xatirələrinin olmasıdır ki, söhbətə də elə buradan başladıq:
 
Naxçıvanda hazırlanıb, Bakıdan gedən teleqramlar 
 
-Azərbaycan Respublikasında olduğu kimi, Muxtar Respublikada (MR) da rabitənin inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Mən əmək fəaliyyətimə 1968-ci ildə Naxçıvan MR Rabitə İdarəsində elektro-montyor kimi işə başlamışam. 1981-ci il mayın 13-dən həmin idarəyə başçı təyin edilmişəm.

Təxminən 20 il həmin vəzifədə çalışdım. İşlədiyim dövrdə ulu öndər rabitəni necə böyük çətinliklə saxladığımızı görür, özü də tez-tez rabitənin vəziyyəti ilə maraqlanırdı. Həmin vaxtlarda bir çox qərarlar, o cümlədən də bayrağımız, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qərarlar qəbul olundu. Bu qanun və qərarlar Muxtar Respublikanın Ali Məclisinin sessiyalarında qəbul edilirdi və biz bəyanatlardan, böyük məzmunda qərarlardan ibarət teleqramları təcili dünyaya çatdırmalı idik.

Heydər Əliyev özü şəxsən bu qanunları yazıb işləyirdi. Bəzən gecə saat 1-2-yə qədər onun sifarişlərini çalışıb yerinə yetirirdik. O vaxt MR rabitəsi tam blokada şəraitində idi. Biz çətinlikdə qalmışdıq, səsimiz heç yana çatmırdı. Moskva ilə birbaşa kanalımız yox idi. Bakı ilə İran üzərindən məhdud sayda kanallarımız vardı ki, onlar da gah işləyir, gah işləmirdi.

Orta dalğada işləyən bir radiostansiyamız da – "SRV-7" vardı. Onun vasitəsilə verilişləri 7 dildə Yaxın Şərqə yayırdıq. Belə bir şəraitdə böyük məzmunlu teleqramları özümüz əldə Naxçıvanda hazırlamağa, yəni perferasiya etməyə məcbur idik. Naxçıvanda onları göndərmək qeyri-mümkün idi. Teleqramlar efirlə gəlirdi, böyük mətndə göndərildiyinə görə mətnin ortasında maneə getdisə, o pozulur, yenidən göndərmək lazım gəlirdi. Ona görə də onları gecə təyyarə ilə Bakıya gətirirdik, buradan ünvanlarına yayılırdı.

Bir dəfə ulu öndər məndən soruşdu: "Zeynal, ola bilər, problem yaranıb, bunlar ünvanlarına gedib çatmasın?" Dedim, xeyr, hamısı çatır. Düzdür, o vaxt bunlara yuxarı rəhbərlik tərəfindən çox qısqanc yanaşırdılar. Amma ovaxtkı Mərkəzi Teleqrafın rəisi Sabirə Ağarzayeva sağ olsun, onun köməkliyi ilə teleqramların çatdırılmasına nail olurduq.
 
Teleqramların göndərilməsində problemin qabağında aciz qaldığınız vaxt oldu?

-Yox, heç vaxt olmadı. Göndərirdik, görürdük ki, cəhdimiz dəfələrlə boşa çıxır. Məcbur olub, son variant kimi onları Bakıdan göndərmək yolunu seçdik. Təxminən bir il, ilyarıma yaxın bu yolla işlədik. Sonra ulu öndərin Türkiyədə Süleyman Dəmirəllə keçirilən görüşlərində rabitənin inkişafına da ciddi diqqət yetirildi. Özü də rabitənin vəziyyətinin ağır olmasını görüb hər cür yardım etməyə çalışırdı. Naxçıvanın ümumi vəziyyətinin yaxşılaşdırılması, inkişafı üçün ulu öndərin nüfuzu sayəsində Türkiyədən 100 milyon dollarlıq kredit alınmışdı. Mən işlədiyimiz layihələrlə bağlı dəfələrlə onun yanında olmuşam. Rabitə sahəsi ilə bağlı işlədiyimiz layihəni yanına aparanda baxdı ki, layihə xərcləri təxminən 19 milyon dollardır. Dedi ki, "Zeynal, sən Naxçıvan əhalisini ac qoymaq istəyirsən? Bu layihəyə 20 milyon ayrılsa, bəs camaat nə yesin? Get, layihəni yenidən işlə". İkinci variantda layihə üçün tələb olunan xərclər təxminən 9,5 milyon dollara çatdı. Qəbul edib "Bunu həyata keçirmək olar"- dedi.

Düzdür, Süleyman Dəmirəllə ulu öndərin razılığa gəldikləri kredit layihəsini həyata keçirə bilmədik, çünki biz hər şeyi hazır edəndə Turqut Özal rəhmətə getdi. Kredit ayrılsa da, bu proseslərlə bağlı vəsait istifadəyə açıq deyildi. Ərzaq yardımı gəlirdi, amma sosial məsələlərin inkişafı üçü ayrılan kredit dayandırılmışdı. 1 ildən sonra Heydər Əliyev məsələni yenidən qaldırdı və müqavilələrin imzalanmasına başlandı. Bu ərəfədə isə ulu öndər xalqın tələbi ilə Bakıya gəldi. Ulu öndərin Bakıya gəlişindən sonra mən iki dəfə ona müraciət etdim.

Dedi ki: "Tələsməyin, mən özüm Naxçıvan rabitəsinin vəziyyətini anlayıram, amma burada o qədər həll olunmalı problemlərimiz var ki. Onlar həll olunsun, Naxçıvanla da məşğul olacağıq". Dogrudan da, ulu öndər bunu yaddan çıxarmadı. Prezident olarkən ilk növbədə Naxçıvan rabitəsinin inkişafı ilə bağlı tenderin keçirilməsi üçün göstəriş verdi və Muxtar Respublikanın başdan-başa yeniləşdirilməsinə başlandı, qısa vaxt ərzində MR-nın rabitəsi MDB ölkələri arasında birinci olaraq tam elektronlaşdırılıb. 

"Markaları alandan sonra aləm bir-birinə qarışdı"
 
-Bir dəfə də Heydər Əliyev Naxçıvanda Ali Sovetin sədri olduğu vaxtlarda bizə Naxçıvanın markasını buraxmaq üçün Fransadan qonaqlar gəldilər. Ulu öndər özü zəng edib tapşırdı ki, "Zeynal, onları qəbul edin, nə lazımdırsa, həll edin". Qonaqlar Muxtar Respublikanın tarixi abidələri ilə bağlı bir neçə şəkil topladılar.

Razılığa gəldik ki, ulu öndərin markasını da buraxaq. Müqavilə imzaladıq, fransızlar heç bir vəsait xərcləmədən markaları çap etdirdilər. Markalar gətiriləndə ulu öndər İranda səfərdə idi. Səfər bir neçə gün davam etdiyi üçün markalarla bağlı təqdimatı keçirməli olduq. Fransız qonaqlarla yerli Naxçıvan televiziyasına çıxdıq, markanı nümayiş etdirdik. Markaya o vaxt 5 manat qiymət qoydular və fransızlar təxminən 150-yə yaxın markanı Fransaya aparıb dünyaya yaymaq üçün bizdən götürdülər.

Adi markaları da satışa verdik. Rabitənin ağır vaxtı olduğu üçün biz də sevinirdik ki, gəlir gələcək. Televiziyada çıxışımızdan sonra sevinə-sevinə markaların hərəsindən 4 ədəd ozamankı rabitə naziri Sirus Abbasbəyliyə və müavinlərinə göndərdim. Markaları alandan sonra aləm bir-birinə qarışdı, mənə zənglər gəldi ki, nə ixtiyarla marka buraxmısan? Markanın qanuna minməsi üçün ozamankı mərkəzi qəzetlərdə mütləq bu barədə informasiyalar getməli idi və sonra filatelistlər tərəfindən qəbul olunurdu. Markalar o vaxt "Komsomolskaya pravda", "İzvestiya", eləcə də Bakıda bir neçə qəzetdə çıxdı və ovaxtkı Rabitə Nazirliyinin rəhbərliyi tərəfindən markaların Bakıya göndərilməsini istədilər. Bir müddət keçəndən sonra Sirus Abbasbəyli tərəfindən blokların 100-ü geri göndərildi. Bilirəm ki, bu da Naxçıvan tarixində ilk və axırıncı marka olacaq. Amma Heydər Əliyev markaların çıxmasını yüksək qiymətləndirdi. 

"Xalqın övladları soyuqdan  donsun ölsün, sizin dirəkləri kəsməsinlər?
 
-Bir faktı da deyim. O vaxt yanacaq olmadığından əhali soyuqdan qorunmaq üçün rabitə dirəklərini kütləvi surətdə kəsib aparırdı. Muxtar Respublikanın Ali Məclisinin sessiyalarında da bu məsələ qaldırılmışdı və ulu öndər buna çox ciddi yanaşırdı. Bu ərəfədə Naxçıvana gələn S.Abbasbəylini və məni qəbul elədi. Sirus Abbasbəyli dedi ki, burada rabitə dirəklərini qırırlar, yandırırlar. Ulu öndər cavabında: "Sirus, sən deyirsən, xalqın övladları soyuqdan  donsun ölsün, sizin dirəkləri kəsməsinlər? Siz yerinə dirək tapıb qoya bilərsiniz, amma sətəlcəm olan uşaqları sağaltmaq, onların əvəzini vermək qeyri-mümkündür"- dedi.

Amma sessiyada isə bununla bağlı çox ciddi tədbir görülməsinə tapşırıq verdi. Bir dəfə də Naxçıvanda enerji qıtlığının yaşandığı dövrdə İrandan ötürüləcək əlavə enerji üçün yarımstansiyanın açılışı idi. Tədbirin keçiriləcəyi yerdə mikrofonlar quraşdırmalı idik. Oktyabr-noyabr aylarının soyuq günləri idi. Çalışdıq ki, səhər açılmamış erkən gedib quraşdıraq. Gedib gördük ki, tədbirin vaxtına 4-5 saat qalmasına baxmayaraq, Heydər Əliyev orada gəzişir. Çox dəqiq, maraqlı, sadə insan idi, xalqını çox sevirdi. İşinin öhdəsindən gələn adamlara xüsusi diqqətlə yanaşardı. 

"Nə qədər dostum varsa, elə də qalır"
 
Bir az da sizin özünüzdən danışaq. Uzun illər rəhbər vəzifədə olmusunuz. Vəzifə adamı dəyişdirmir ki?

-Adamına baxır. Amma məni heç vaxt dəyişmədi. Məni tanıyan hər kəsdən soruşa bilərsiniz. Düşünürəm ki, kimdən soruşsanız, yəqin ki, mənim dəyişdiyimi deməzlər. Necə varam, eləyəm. 

- Deyirlər, vəzifə adamının dostu çox olur. Vəzifədə olduğunuz dövrdə və ondan sonrakı vaxtlarda dostlarınızın sırasında dəyişiklik olmadı ki?
 
-Heç vaxt. Nə qədər dostum varsa, elə də qalır. Mən ara vurmağa çalışan, söz gəzdirən insanları yaxın da buraxmırdım.

Bəzən insanda belə düşüncə olur ki, mən filan vəzifədə olsaydım, çox şeyi dəyişərdim. Siz rabitə sahəsinə rəhbərlik etdiyiniz müddətdə nələri dəyişə bildiniz və bu dəyişiklikləri həyata keçirmək nə qədər asan oldu?

-İşlədiyim dövrdə Muxtar Respublikanın rabitəsi üçün əlimizdən gələni etmişəm. Mən rəhbər kimi fəaliyyətə başlayanda MR-də rabitə sistemlərinin hamısı köhnə idi. Addım tipli ATS-lər qurulurdu. Sonradan ilk koordinat tipli ATS-lər gətirildi. 1983-cü ildə biz axırıncı ATS-lərin quraşdırılmasını başa çatdırdıq. Bir sözlə, Muxtar Respublikada işlədiyim zaman başdan-başa hər şeyi dəyişdik. Tam yeniləşmə etdik. Mənim arzum elektron ATS-lərin quraşdırılması idi. Bakıya gəlib "Aztelekom"da müavin işlədiyim zamanda isə arzum Azərbaycan rabitəsini tamamilə elektronlaşdırmaq, xüsusilə kənd rabitəsinə diqqəti artırmaq, özüm kənddə böyüdüyümə görə kənd insanlarının qayğısına daha çox qalmaq idi.

Təsadüfi deyil ki, "Aztelekom"da ilk dəfə olaraq kənd yerlərində kütləvi şəkildə elektron stansiyalarının quraşdırılmasında mənim zəhmətim olub. Balakən, Zaqatala, Abşeron rayonlarının tam elektronlaşdırılmasında əməyim olduğu üçün sevinirəm, fəxr edirəm. Bu proses getdikcə kütləvi hal alır. Bu gün Azərbaycan rabitəsinin tamamilə elektronlaşdırılması başa çatdırılıb. İlin sonuna qədər fiber-optik kabellərin qoyuluşunun yekunlaşdırılması da nəzərdə tutulub. Bu, nəinki MDB-də, dünyada birinci layihələrdən olacaq.
 
"Telefonum kəsildiyinə görə narahat olmuşam"
 
Heç özünüz adi abonent kimi rabitə sahəsində problemlə üzləşmisiniz? Məsələn, telefonunuz kəsilib? 

- Kəsirlər. Çalışıram, borc saxlamayım, amma kəsilən anlar olub. Səbəb də deyiblər ki, vaxtında pulu ödəməmisən. Şəhərlərarası danışıqlar olub, unutmuşam. Bəzən də borcla bağlı xəbərdarlıq edilməyib. İndi daha gözləmirəm ki, mənə zəng gəlsin. Hər dəfə yolum düşəndə soruşuram: "Borcum nə qədərdir?" Amma mənim telefonum xidməti olduğuna görə gərək heç vaxt kəsilməsin. Bir dəfə də qeyri-ixtiyari açılmış serverə görə ilin axırında kəsilmişdi.
 
- Kəsilməsinə görə vəzifə sahibi olaraq zəng etməklə açdırıb, ya da kiməsə tapşırmısınız ki, məsələn, "Bu, Zeynal müəllimin telefonudur, heç vaxt kəsilə bilməz"?
 
-Yox, olmayıb. Amma kəsildiyinə görə narahat olmuşam. Bunu edə bilmək üçün yaxın tanışlarım, dostlarım var, amma zəng etməmişəm. Niyə xahiş edim ki? Xahiş etməyə ehtiyac yoxdur.
 
"Ömür imkan versə, başlayarıq"
 
-Təxminən 1 il əvvəl mətbuata bildirmisiniz ki, "Mən telekommunikasiya sahəsinin gələcəyini işıqlı görürəm". Bu optimist proqnoz nəyə əsaslanır?
 
Bunun kökündə rabitənin ölkə başçısı İlham Əliyev tərəfindən prioritet sahə elan edilməsi, bu gün rabitəyə rəhbərlik edən nazir, akademik Əli Abbasovun apardığı işlər, ümumilikdə, rabitə sahəsində həyata keçirilən islahatlar dayanır. Bütün bunlar gələcəyə işıqlı, inamlı baxışın təminatçısıdır. Azərbaycan rabitəsi dünyanın ən qabaqcıl rabitəsi olacaq.

Ailənizdə sizdən başqa rabitəçi var?

-Yoldaşım da rabitəçi olub. Uzun müddət rabitə sistemində işləyib.

Təbii ki, bir ömrü kitaba sığışdırmaq mümkün deyil. Amma yenə də xatirələrinizi yazmağı düşünürsünüz? 

- Belə bir fikrim var. Uzun illər - 45 ilə yaxın rabitədə çalışdığım müddətdə çox insanlarla yaddaqalan görüşlərim olub. Memuarlarımı yazmaq istəyirəm. Ömür imkan versə, başlayarıq.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 3544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






22 Noyabr 2024

21 11 2024