Akademik Fikrət Əliyev : “Elmi indeksləşdirmə sistemləri həm qlobal, həm də regional elmi tərəqqinin güzgüsü rolunda çıxış edir”
-Fikrət müəllim, son 50 ildə elmin sürətli inkişafı ilə əlaqədar onun keyfiyyətini müəyyənləşdirmək üçün müxtəlif yanaşma və qiymətləndirmə meyarları meydana gəlib. Mətbuatda mütəmadi olaraq Sizin bu mövzuya həsr olunmuş dəyərli məqalələrinizə rast gəlirik. Ötən il çapdan çıxmış həmmüəllifi olduğunuz "Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri" adlı kitab, demək olar ki, bütövlükdə sözügedən məsələnin tədqiqinə həsr olunub. Burada Siz Dünya elminin müəyyən qəliblər üzrə qiymətləndirilməsində ABŞ-ın "ISI-Thomson Reuters" təşkilatının mövqeyindən, dəyərləndirmə mexanizmlərindən və s. danışmısınız. Sizcə, bu gün "ISI-Thomson Reuters"in elmin inkişafındakı rolu nədən ibarətdir?
2002-ci ildə Elmi İnformasiya İnstitutu "Thomson Reuters" təşkilatının tərkibinə keçdikdən sonra müəssisənin işi xeyli inkişaf edib. İndi artıq "ISI-Thomson Reuters" təkcə təsir əmsalına malik jurnallar haqqında illik hesabat ("Journal Citation Report") dərc etməklə kifayətlənmir, o, həm də məqalələrinə ən çox istinad edilən alimlərin də siyahısını hazırlayıb dərc edir. Bu isə öz növbəsində dünyada universitetlərin, elmi müəssisələrin reytinq cədvəlini müəyyənləşdirməyə imkan verir. Məntiqi olaraq bununla da dünya elminin akademik səviyyəsi üzə çıxır.Elmi tədqiqatların nəticələrinin qiymətləndirilməsi baxımından təsir əmsalının əhəmiyyəti o qədər böyükdür ki, bununla hətta müxtəlif ölkələrdə elmin inkişaf dinamikasını da izləmək mümkündür. Ayrı-ayrı institutlar, elmi təşkilatlar, alimlər "ISI-Thomson Reuters"in "Web of Science" adlanan indeksləşdirmə bazası vasitəsilə öz elmi tədqiqatlarına edilən istinadların kəmiyyətini müəyyənləşdirə bilirlər. Nüfuzlu jurnalın təsir əmsalı-impakt faktoru olduğu kimi, elmi tədqiqat institutunun, individual şəkildə alimin və hətta ayrıca məqalənin də impakt faktoru ola bilər. Bu isə onu deməyə əsas verir ki, "ISI-Thomson Reuters"in "Web of Science" bazasına daxil olan "Science Citation Index Expanded", "Social Sciences Citation Index" və "Arts & Humanities Citation Index" kimi elmi indeksləşdirmə sistemləri həm qlobal, həm də regional elmi tərəqqinin güzgüsü rolunda çıxış edir.
"ISI-Thomson Reuters" ən çox istinad edilən elmi nəşrləri - jurnal, kitab, konfrans materiallarını, patentləri və s. müəyyənləşdirməklə elmdə ən doğru prioritetləri aşkarlamağa imkan verir. Dünyanın ən iri informasiya ixracatçılarından olan bu təşkilatın əldə etdiyi statistik göstəricilər müxtəlif elm sahələrinin cari vəziyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğu qədər, innovativ texnologiyaların, sənayenin, iqtisadiyyatın inkişaf templərini araşdırmaq baxımından da çox qiymətlidir. Çünki bir qayda olaraq, istənilən kommersiya qurumu cari iqtisadi durumu, əmtəə bazarını, tələb-təklifi öyrənərkən ilk növbədə etibarlı biliklərə, dəqiq statistikaya, bir sözlə aprobasiya olunmuş informasiyaya ehtiyac duyur.
"ISI-Thomson Reuters" elmi-statistik məlumatları məhz bu cür informasiya məcmusu rolunu oynayır. Təsadüfi deyil ki, təşkilat topladığı məlumatları analiz edərək özü də böyük iqtisadi uğur və maliyyə balansı qazanır. Şirkətin səhmlərinin Nyu-York və Toronto kimi iri fond birjalarında yüksək əmsallarla kotirovka olunması elmin iqtisadiyyata müsbət təsirinin ən bariz nümunəsi hesab oluna bilər.
- "ISI-Thomson Reuters" haqqında belə bir təəssürat yaranıb ki, bu təşkilat əsasən Qərbdə aparılan elmi tədqiqatların analizinə daha çox diqqət ayırır. Bu baxımdan təşkilatın Azərbaycan elminə nəzər yetirməsi böyük uğur kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, bunun da səbəbləri mövcuddur. Bu haqda fikrinizi bilmək istərdim...
Müəyyən mənada Siz haqlısınız. Doğrudan da "Web of Science" bazasının əhatə etdiyi jurnalların coğrafiyasına nəzər saldıqda belə bir fikir yaranır ki, daha çox məhz Qərbdə nəşr olunan elmi jurnallar təsir əmsalına malikdirlər. Düşünürəm ki, burada kimisə günahkar çıxarmaq olmaz. Məsələn, "Science Citation Index Expanded" siyahısına daxil olan jurnallar tam olaraq ingilis dilində dərc edilən nəşrlərdir. Və onların böyük əksəriyyəti ingilisdilli ölkələrdə nəşr olunur. Başqa sözlə, bu siyahıya daxil olmaq digər 2 siyahıya daxil olmaqdan daha çətindir. "ISI-Thomson Reuters"in rəsmiləri də bunu dəfələrlə etiraf ediblər.
Çünki dəqiq və təbiət elmlərinə həsr olunan jurnallar bir qayda olaraq regional deyil, qlobal xarakterli tədqiqatları özündə cəmlədiyindən onların məhz ingilis dilində dünyaya çıxarılması məqsədəuyğun hesab olunur. "Social Sciences Citation Index" və "Arts & Humanities Citation Index"-ə daxil olan jurnallar üçünsə belə bir tələb yoxdur. "ISI-Thomson Reuters" razılaşır ki, bəli, məsələn, bir ölkənin ədəbiyyatı, folkloru məhz milli dildə yayılmalıdır. Həmin siyahılara daxil olan regional jurnallardakı məqalələrə ingilis dilində yalnız xülasə vermək kafi hesab olunur.
Görünür, məhz bu amil, "ISI-Thomson Reuters"in 100-dən artıq ölkə ilə əməkdaşlıq etməsinə yardım edir.Azərbaycan uzun müddət Sovetlər birliyinin tərkibində olan bir dövlət kimi "ISI-Thomson Reuters"lə əməkdaşlıq etmək imkanından məhrum olub. O vaxtlar bizə elə gəlirdi ki, əgər jurnal, məsələn, Moskvada nəşr olunursa, deməli, ən nüfuzlu elmi nəşrdir. Halbuki, indi həmin jurnallar ya ümumiyyətlə, "Web of Science" bazasına düşə bilmirlər, ya da çox zəif təsir əmsallarına malikdirlər. Əlbəttə, bu və ya digər müqayisəni apararkən hər hansı bir redaksiyanın əməyini kiçiltmək fikrində deyiləm, sadəcə, real mənzərə bundan ibarətdir ki, bu gün nə Rusiya, nə də postsovet ölkələrində nəşr olunan jurnallar "ISI-Thomson Reuters"lə sıx əməkdaşlıq edirlər. Ümid etmək olar ki, yaxın 10 il ərzində postsovet ölkələrinin göstəriciləri daha yüksək olacaq.
O ki qaldı sualınızın ikinci hissəsinə, əlbəttə, Sizinlə tam razıyam: "ISI-Thomson Reuters"in bizim regionda nəşr olunan elmi nəşrlərə diqqət ayırması heç də səbəbsiz deyil. Bilirsiniz ki, 10 ildir ki, ölkəmizdə RİTN, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutu ingilis dilində "Applied and Computational Mathematics" jurnalını nəşr edirlər. Bu jurnal həm regionda, həm də ölkəmizdə "Web of Science"ə daxil olmuş və təsir əmsalı qazanmış ilk nəşrdir. Nəşr Azərbaycan tətbiqi riyaziyyat elminin uğurlarını beynəlxalq aləmə çıxarmaqla bərabər, müvafiq sahədə xarici alimlərin də seçilmiş elmi tədqiqatlarını yerli alimlərimizə təqdim etməklə bilavasitə elmi körpü rolunu oynayır. Biz uzun illər ərzində "ISI-Thomson Reuters"lə əməkdaşlıq etməklə, nəhayət, onların diqqətini ölkəmizə yönəldə bilmişik. Bu işdə akademik Əli Abbasovun, professor Larinin, professor Tamer Başarın çox böyük əməyi var. Bu fəaliyyətlərdə gərgin əmək sərf etmiş və təcrübə qazanmış bir baş redaktor kimi deməliyəm ki, "ISI-Thomson Reuters"in elmi jurnallar qarşısında qoyduğu tələblər çox sərt olsa da, təşkilat daim əməkdaşlığa, səmərəli partnyorluğa hazırdır. Biz çox istərdik ki, tezliklə digər Azərbaycan jurnalları da təşkilatın siyahılarına düşsünlər.
-Digər jurnallarımızdan söz düşmüşkən, Sizcə, onların "Web of Science" bazasına düşə bilməməsinin səbəbi nədir? Ələlxüsus da, humanitar və ictimai-siyasi elmlər üzrə jurnallarımızın "ISI-Thomson Reuters"lə əməkdaşlığa meyil etməməsi necə izah oluna bilər?
-Bilirsiniz, ölkəmizin ayrı-ayrı elmi tədqiqat institutlarında 40-dan artıq elmi jurnal nəşr olunur. Təəssüflər olsun ki, hələlik bu jurnallarımızdan heç biri "ISI-Thomson Reuters"lə əməkdaşlıq qura bilməyib. Bunun bir sıra səbəbləri var. Dəqiq və tətbiqi elmləri əhatə edən jurnallarımız, bayaq da qeyd etdiyim kimi, məqalələrə ingilis dilində xülasə verməklə "Web of Science" bazasına düşə bilməzlər. Gərəkdir ki, həmin jurnallar ingilis dilində nəşr olunsun.
Sual yarana bilər ki, bəs əgər bütün jurnallar ingilis dilində dərc olunacaqsa, bu dili bilməyənlər, məsələn, elə yerli auditoriyanın böyük hissəsi elmi yeniliklərlə necə tanış olacaq? Bu sualın cavabı aydındır: yaxşı olar ki, milli auditoriyanı itirmək istəməyən jurnallarımız eyni zamanda iki dildə nəşr olunsunlar. Estoniyada, Ukraynada, Litvada bunun təqdirəlayiq nümunələri var. Bu gün həmin ölkələrdə çıxan elmi jurnallar iki dildə həm yerli elmi ictimaiyyətin, həm də beynəlxalq intellektual auditoriyanın diqqətini qazana biliblər. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, jurnala təkcə ingilis dilində ad verməklə, onu beynəlxalq nəşr adlandırmaqla "ISI-Thomson Reuters"in diqqətini çəkmək mümkün deyil. Axı gərək həmin jurnallarda mükəmməl, professional ingilis dilində yazılmış məqalələr dərc olunsun, məqalələrin qarşısında qoyulan beynəlxalq qiymətvermə standartlarına əməl edilsin. Bunun üçünsə Azərbaycan alimi beynəlxalq elmi jurnallarda dərc olunma təcrübəsinə malik olmalıdır. Əfsuslar olsun ki, elmi tədqiqat institutlarımızda bu məsələ hələ də öz həllini tapmayıb.
Düşünürəm ki, elmi işçilər qarşısında qoyulan tələblərin sərtləşdirilməsinə böyük ehtiyac var. Hər bir elmi tədqiqat institutunun qarşısında tələb qoyulmalıdır ki, məsələn, yaxın 3 il ərzində müəssisənin təsir əmsalı 3-5 arası olsun. Bunun üçün həmin institutların əməkdaşları 3 il ərzində "ISI-Thomson Reuters"in siyahılarında olan nüfuzlu jurnallarda məqalə dərc etdirməlidirlər.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev bir daha elmə diqqətini nümayiş etdirərək xüsusi sərəncamla Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələrinə iddialı şəxslər qarşısında belə tələblərin qoyulmasını qanuniləşdirdi. Keçmiş Sovetlər birliyində elmi adların verilməsinin müasir tələblərə uyğunlaşdırılması yolunda ilk addım olan bu qərarı alqışlamaq lazımdır. Amma təkcə Ali Attestasiya Komissiyası bu işin öhdəsindən gələ bilməz. Lazımdır ki, ali təhsil müəssisələri də, Milli Elmlər Akademiyası da elmi əməkdaşlarını məhz belə bir istiqamətdə səfərbərliyə alsın. Elmdə heç kəsə güzəşt edilməməlidir. Açıq danışmaq lazımdır. Götürək elə Milli Elmlər Akademiyasının nəşr etdiyi "Məruzələr"i. Kim deyə bilər ki, bu jurnalda nəşr olunan məqalələr dünya elmi ictimaiyyətinə lazım deyil? Əlbəttə, lazımdır və onların oxunması vacibdir. Amma necə? Nə vaxta kimi, biz özümüz yazıb özümüz oxuyacağıq? "Məruzələr"də dərc olunan məqalələri ingilis dilinə çevirib nəşr etmək olmazmı? Olar.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının məlumatına görə, Azərbaycan dilində nəşr olunan jurnallarımız arasında "Məruzələr" xarici kitabxanalar tərəfindən ən çox tələb edilən nəşrlər sırasındadır. Əcnəbi alimlər bu jurnalda dərc olunan məqalələrin ingilis dilində olan xülasəsinə bu qədər maraq göstərirsə, deməli, bu nəşrin ingilis dilinə çevrilməsinə və beləliklə, ən yaxın zamanda "ISI Thomson Reuters"lə əməkdaşlıq etməsinə ehtiyac var. Mən hər zaman demişəm, bir daha təkrar edirəm, "Applied and Computational Mathematics" jurnalını nəşrə hazırlayan redaksiya olaraq biz həmişə həmkarlarımıza əlimizdən gələn köməyi göstərməyə hazırıq.
-Sizcə, yaxın gələcəkdə yerli jurnallarımız tərəfindən "Applied and Computational Mathematics"in səmərəli təcrübəsindən istifadə olunacaqmı? Ümumiyyətlə, qarşıdakı illərdə Azərbaycan jurnallarının "ISI-Thomson Reuters"in siyahılarına düşməsi nə dərəcədə realdır?
-Əminəm ki, qarşıya qoyulan tələblərə əməl olunarsa, tezliklə Azərbaycan elmini beynəlxalq aləmdə təbliğ edən nəşrlərimizin sayı artacaq. Ölkəmizdə "International Journal of Academic Research" (Beynəlxalq Elmi Araşdırmalar Jurnalı) adlı elmi jurnal nəşr olunur. Mən deyərdim ki, həmin jurnal "Applied and Computational Mathematics"in ənənələrini mənimsəmiş hələlik yeganə jurnalımızdır. Təsəvvür edin ki, 4 ilə yaxın bir müddət ərzində həm humanitar, həm də ictimai-siyasi elmlər üzrə ingilis dilində məqalələr nəşr edən bu jurnal artıq "ISI-Thomson Reuters"in genişləndirilmiş siyahısına – "Master Journal List"ə düşüb və təsir əmsalı almaq üçün karantin dövrü keçir. Azərbaycanda nəşr olunan bu jurnal artıq kifayət qədər beynəlxalq nüfuz qazanıb və bir çox sanballı indeksləşdirmə bazalarına daxil edilib. Bu, o deməkdir ki, ölkəmizdə dəqiq elmlərlə yanaşı, humanitar, ictimai-siyasi elmləri özündə əks etdirən nəşrlərin də yaxşı perspektivi var. Mən əminəm ki, ən qısa zamanda "International Journal of Academic Research" jurnalı impakt faktor alan ikinci Azərbaycan jurnalı olacaq. Çünki bu jurnalın yaradıcıları həm "ISI Thomson Reuters"in, həm də bizim məsləhətlərimizi nəzərə alır, irad və təkliflərimizə diqqət yetirir.
-Bildiyim qədəriylə bu günlərdə Azərbaycanın "ISI Thomson Reuters"lə əməkdaşlığının növbəti mərhələsi başlanacaq. Təşkilatın rəsmilərinin ölkəmizə səfəri gözlənilir. Bu haqda oxucularımızı məlumatlandırmanızı istərdim.
-Haqlısınız. Bildiyiniz kimi, oktyabr ayının 4-də Bakıda RİTN, BDU, AMEA və Müəllif Hüquqları Üzrə Dövlət Agentliyinin "ISI Thomson Reuters"lə birgə konfransı keçirildi. "Thomson Reuters" agentliyinin icraçı vitse-prezidenti Keyt Makqreqor Bakıda səfərdə oldu. Konfransda yerli və xarici alimlərin, dövlət nümayəndələrinin iştirakı ilə bir sıra mühüm məsələlər ətrafında müzakirələr aparıldı. Prioritetlər sırasına "ISI Thomson Reuters"in postsovet ölkələri üzrə informasiya generatorunun məhz Bakıda qurulması və mərkəzi informasiya serverinin burada yerləşdirilməsi, Şərqə doğru bilik magistrallarının paytaxtımızdan başlanması, ali təhsil ocaqlarının və elmi müəssisələrin bu sanballı informasiya ixracatçısının bazalarından yararlana bilməsi, eləcə də, bayaq qeyd etdiyimiz kimi, humanitar və ictimai-siyasi elmləri əhatə edən jurnallarımızın yeni keyfiyyət dəyişikliklərinə hazırlığının səviyyəsinin müəyyən edilməsi və s. Daxil idi. Ümid edirik ki, bu konfransdan sonra Azərbaycanla "ISI Thomson Reuters"in əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq və qarşılıqlı informasiya mübadiləsinin səviyyəsi xeyli yüksələcək. Fürsətdən istifadə edib konfransın təşkilinə öz qiymətli töhfəsini vermiş akademik Əli Abbasova öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Əli müəllim təkcə dövlət adamı kimi deyil, həm də görkəmli bir elm xadimi kimi vətənimizə, onun elm və təhsilinin gələcəyinə qayğı ilə yanaşır.
Müsahibəni hazırladı:
H.İsabalayeva
Baxış sayı: 1328
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”