12px13px15px17px
Tarix:06/07/13

Səfir Roland Kobia: “İKT sektorunda Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik"

Avropa İttifaqı ilə (Aİ) Azərbaycan arasındakı əlaqələr 1990-cı illərin əvvəlinə təsadüf edib, Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyinə göstərdiyi yardımla -TASİS proqramı işlə başlayıb. Hazırda isə bu münasibətlər daha da genişlənərək, iqtisadi inteqrasiya və siyasi əməkdaşlığın dərinləşməsinə doğru irəliləyir. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud duruma gəlincə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə müsahibəmizə əlaqələrin indiki inkişaf mərhələsindən başladıq:
 
"İKT sektorunda Azərbaycanla strateji tərəfdaşlığın inkişafına çalışırıq"
 
- Azərbaycanla Avropa İttifaqı arasında İKT sahəsi üzrə əməkdaşlığın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? Aİ-yə üzv dövlətlərlə ölkəmiz arasında münasibətlərin hazırkı səviyyəsini qənaətbəxş saymaq olar?

- Mən Avropa İttifaqı və Azərbaycan arasında İKT sahəsində böyük əməkdaşlıq potensialı olduğuna əminəm. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi Aİ və Azərbaycan arasındakı əsas əməkdaşlıq sahələrindən biridir və qarşılıqlı faydalar çoxsaylıdır. Bu sektora yatırılan investisiyalar hər il artır və bu da Azərbaycanın yalnız iqtisadi inkişafı üçün deyil, eyni zamanda yaxşı idarəetmə və inkişaf etmiş inzibati potensialı baxımından böyük imkanlar açır. Şübhə etmirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında İKT sahəsində əməkdaşlıq ölkənizdə İKT sektorunda müasir infrastrukturun inkişafı baxımından əsas rol oynayır. Bu sektor Sovet İttifaqı dağıldıqdan sonra müəyyən çətinliklərə, problemlərə məruz qalmışdı. Bu baxımdan, sektorun inkişafı üçün Avropa İttifaqının təcrübəsi və göstərdiyi maliyyə dəstəyi yüksək qiymətləndirilib. Əlbəttə, Aİ-nin dəstəyi bununla bitmir. Biz İKT sektorunda Azərbaycanla strateji tərəfdaşlığın inkişafına çalışırıq və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün bizim iddialı məqsədlərimiz var. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanla yalnız İKT sektorunda ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün çalışmır, həmçinin bütün mümkün səviyyələrdə, xüsusilə də Şərq Tərəfdaşlığı çərçivəsində bütün çoxtərəfli və regional layihələri dəstəkləyir. Ümid edirik ki, İKT sahəsində məhsuldar əməkdaşlıq Avropa İttifaqı bazarında Azərbaycan şirkətlərinin iştirak payını daha da yüksəltməyə, eyni zamanda istehsal və tədqiqat sahələrində güclü və davamlı əməkdaşlığın qurulmasına imkan verəcək. İki tərəf arasında keçmişdən uğurla həyata keçirilən müxtəlif layihələr arasında "EXTEND" - "Avropa İttifaqı, Şərqi Avropa və Cənubi Qafqaz ölkələri arasında İKT sahəsində tədqiqat əməkdaşlığının genişləndirilməsi" layihəsi, "PICTURE"- müxtəlif maraqlı tərəflər üçün İKT dialoqunun genişləndirilməsi layihəsi, "BLACK SEA ERA NET"- Qara dəniz regionunda elm və texnologiya şəbəkəsi ilə bağlı layihəni qeyd etmək olar.
 
 
 
"Azərbaycan şirkətlərinin də proqramda iştirak hüquqları var"
 
- Azərbaycan Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək xəttin qurulmasını nəzərdə tutan "Trans Avrasiya Super İnformasiya Magistralı" (TASİM - Trans-Eurasian Information Super Highway), eyni zamanda "Avropa-Yaxın Şərq informasiya magistralı" (EPEG-Europe Persia Express Gateway) kimi çox vacib regional layihələrin əsas iştirakçısıdır. Necə hesab edirsiniz, Aİ ilə Azərbaycanın gələcəkdə İKT sahəsində hansısa müştərək layihələrə imza atması mümkündür?

- Biz rəqəmli uçurumun aradan qaldırılmasına və rabitə xidmətlərinin genişləndirilməsinə yönələn "Trans Avrasiya Super İnformasiya Magistralı"  və "Avropa-Yaxın Şərq informasiya magistralı" kimi regional layihələrdə Azərbaycanın iştirakını çox yüksək dəyərləndiririk. Bəzi üzv dövlətlər bu layihələrə öz töhfələrini verirlər, amma Avropa İttifaqının özü layihələrə hər hansı bir formada cəlb olunmayıb. Amma Aİ Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramını (Research&Development Framework Program) reallaşdırmaqla İKT sahəsində öz dəstəyini verir. Bu proqramdan sonra 2014-2020-ci illəri əhatə edəcək yeni yaradılan "Tədqiqat və innovasiya çərçivəsində proqram"ı –"HORİZON 2020" (Framework Programme for Research and Innovation) icra ediləcək. Bu, dünyəvi proqramdır və hər kəs üçün açıqdır, o cümlədən Azərbaycan şirkətlərinin də proqramda iştirak hüquqları var. Avropa İttifaqı və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən "PICTURE" layihəsi İKT sahəsi üzrə prioritet tədqiqat istiqamətlərini müəyyən etməklə və Aİ tərəfindən maliyyələşmə imkanları barədə Azərbaycanda məlumatlandırmanı artırmaqla, Azərbaycan şirkətlərinin "HORİZON 2020" proqramında iştirakını genişləndirəcək.

Daha bir vacib əməkdaşlıq imkanları elektron rabitə tənzimlənməsi sahəsində mövcuddur. 2013-cü ilin əvvəlində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də daxil olduğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) çərçivəsində elektron rabitə tənzimləyiciləri şəbəkəsi yaradıldı. Şəbəkənin məqsədi bu tərəfdaşlıq çərçivəsində region daxilində qabaqcıl təcrübə mübadiləsinin yayılmasına yardım etmək, eyni zamanda Avropa İttifaqından bu təcrübənin ötürülməsini asanlaşdırmaqdır. Avropa Komissiyası şəbəkə üzvlərinə 2013-2014-cü illər üçün bir milyon avro həcmində texniki yardım göstərir. Mən həmçinin xatırlatmaq istərdim ki, İKT ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq məqsədi daşıyan "TRACECA" və "İNOGATE" kimi digər layihələrin də vacib komponentidir.
 
"Gallileo" Azərbaycan üçün neft və qaz sektorunda yeni imkanlar aça bilər
 
- 2008-ci ilin noyabrında Milli kosmik proqramın təsdiqlənməsi ilə bağlı respublika prezidentinin sərəncamından ötən çox qısa zaman ərzində Azərbaycan artıq ilk süni peykinin orbitə çıxarılmasına müvəffəq oldu. Qarşıdakı illərdə daha iki peykimizin göndərilməsini nəzərə alsaq, ölkəmizdə kosmik sənayenin inkişaf sürətini, eləcə də gələcək inkişaf dinamikasını necə qiymətləndirirsiniz?


- İlk növbədə, mən Azərbaycanı kosmik sənayenin inkişafı, xüsusilə də ilk telekommunikasiya peykinin orbitə buraxılması və onun fəaliyyətinin gələcək ambisiyalarının müəyyənləşməsi münasibətilə təbrik etmək istərdim. Avropa İttifaqının bu sahədə Azərbaycana yönələn hər hansı layihəsi yoxdur və burada bir qayda olaraq, əməkdaşlıq üzv dövlətlərlə ticarət və ikitərəfli səviyyədə aparılır. Bununla belə qeyd etmək istərdim ki, kosmik sənaye sahəsində əməkdaşlıq Avropanın uğur hekayəsidir. Avropa Kosmik Agentliyi həqiqətən də beynəlxalq münasibətlər məkanında mübahisəsiz iştirakçı tərəfə çevrilib və bu məkan kosmik sahədə xüsusi əməkdaşlıq layihələrinin həyata keçirilməsi məqsədilə üçüncü ölkələrə də açıqdır. Həmçinin qeyd etmək istərdim ki, yaxın zamanlarda Avropa Komissiyası yeni keyfiyyət və yeni xidmətlərə imkan verən hava nəqliyyatının təhlükəsizliyi və səmərəliliyini artıra biləcək "Gallileo" naviqasiya sistemli kommersiya peykini buraxacaq. Ümid edirəm ki, bu da Azərbaycan üçün xüsusən neft və qaz sektorunda yeni imkanlar aça bilər.
 
"Rəqabət mühitinin yaradılması və informasiya texnologiyaları bazarının liberallaşdırılmasından danışırıqsa..."
 
- Avropa İttifaqına üzv ölkələr İT bazarlarında sağlam rəqabət mühitini formalaşdıra biliblərmi?


- Avropa İttifaqı, Azərbaycan da onların arasında olmaqla, Şərq Tərəfdaşlarına Assosiasiya Sazişinin bir hissəsi olaraq Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA)  ətrafında danışıqlar aparmaq imkanı yaradır. Amma Azərbaycana gəlincə, o, hələlik Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmadığından Avropa İttifaqı Dərin və Hərtərəfli Azad Ticarət Sazişi ətrafında danışıqlara başlaya bilməz. Milli qanunvericiliyini ÜTT-nin tələb və standartlarına uyğunlaşdıraraq, Ümumdünya Ticarət Təşkilatına üzv olması Azərbaycanda təkmilləşdirilmiş, yaxşı bazar şəraiti yaradacaq, bununla da Azərbaycan Avropa İttifaqı ilə gələcək əməkdaşlığını davam edə biləcək. Hazırda isə Azərbaycanın ÜTT-yə üzvlüyü prosesində ÜTT-nin əsas qayda və prinsiplərinə uyğunlaşdırılması və tətbiqini təmin etmək məqsədilə Assosiasiya Sazişi ətrafındakı danışıqlar çərçivəsində TƏS-in ticarətlə bağlı mövcud müddəalarının təkmilləşdirilməsi üçün hazırda danışıqlar aparılır.

Əgər biz rəqabət mühitinin yaradılması və informasiya texnologiyaları bazarının liberallaşdırılmasından danışırıqsa, bu, birinci dərəcəli məsələdir. Danılmaz faktdır ki, rəqabət qabiliyyətinin artırılması İT xidmətlərinin qiymətlərinin azaldılmasına və İKT-nin daha əlçatan olmasına xidmət edir. Gömrük rüsumlarının azaldılması İT məhsullarının idxal və ixracını artıracaq və Azərbaycanın qeyri-neft  sektoruna böyük fayda gətirəcək, eyni zamanda biliklərə əsaslanan iqtisadiyyata müsbət təsir edəcək. Mənim fikrimcə, Azərbaycanın İT bazarının liberallaşdırılmasının faydalarını çox gözəl anlayır və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış Regional İnnovasiya Zonaları ilə bağlı konsepsiya buna yaxşı nümunədir. Bu konsepsiyanın arxasında İT şirkətləri üçün  xüsusi vergi və gömrük imtiyazlarını təmin etmək ideyası dayanır.
 
"Azərbaycan e-xidmət sahəsində mühüm addımlar atıb və bunun gələcəkdə də davam edəcəyinə inanıram"
 
- Bu ilin ölkəmizdə "İKT ili" elan edilməsi ilə yanaşı, Azərbaycan qarşısına 2020-ci ilə qədər İKT ilə bağlı konkret məqsədlər də qoyub. İKT ilə bağlı hədəflər eyni zamanda "Avropa İttifaqı-2020" sənədində də öz əksini tapıb. Bu sahədə məqsəd və hədəfləri oxşar olan Aİ ilə Azərbaycan onun çevik inkişafını davam etdirmək üçün hansı amillərə diqqət etməlidirlər? Eyni zamanda hədəflərə nail olunması üçün Aİ-yə üzv dövlətlərlə Azərbaycan arasında konkret hansı istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini vacib sayırsınız?

- Avropa İttifaqına üzv dövlətlər üçün Avropanın Rəqəmli Gündəliyi ilə "Avropa-2020" təşəbbüsündə müəyyənləşən məqsədlər Azərbaycanın gələcək hədəfləri ilə müəyyən dərəcədə oxşardır, amma ümumilikdə onlar Vahid Bazar kimi Avropa İttifaqına məxsus olan xüsusiyyətləri əks etdirirlər. Məsələn, mən e-hökumətə doğru keçid məqsədinin oxşarlığını görürəm. Aİ həmçinin tədqiqat və innovasiya sahəsinə investisiya qoyulmasını hədəfləyir. Azərbaycan da yüksəkixtisaslı kadr hazırlığının aparılması üçün güclü universitet-işgüzar dairələrin əməkdaşlığına diqqət etməlidir. Azərbaycan artıq e-xidmət sahəsində mühüm addımlar atıb və mən bu addımların gələcəkdə də davam edəcəyinə inanıram.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1106

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






22 Noyabr 2024

21 11 2024