12px13px15px17px
Tarix:09/08/13

“Applied and Computational Mathematics” - “Thomson Reuters”in siyahısında impakt faktor alan ilk və yeganə Azərbaycan jurnalı


 
 
İnteqrasiyasız inkişafın mümkünsüz olduğu müasir günümüzdə alimlərin əsərlərinin nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc edilməsi elmin qarşısında qoyulan vacib məsələdir. İstinad indeksli jurnallarda çap olunan məqalələr isə yalnız alimin deyil, onun təmsil etdiyi ölkənin də əsas nüfuz göstəricisinə çevrilib. Elmin inkişaf göstəricisi kimi, digər vacib amil isə təsir əmsalına (impakt faktor) layiq görülən jurnalların sayıdır. Bu baxımdan, "Thomson Reuters" Agentliyinin hesabatına salınmış yeganə Azərbaycan jurnalı - 2002-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu tərəfindən təsis olunan "Applied and Computational Mathematics"dir. Amma bu mərhələnin arxasında illərin gərgin əməyi, zəhməti dayanır. "Rabitə dünyası"nın müsahibi jurnalın ərsəyə gəlməsində böyük rolu olan baş redaktorlardan biri, akademik Fikrət Əliyevdir.
 
Pillə-pillə irəliyə doğru
 
 
  • İstənilən dövlətin inkişafında elm müstəsna rol oynayır. Sovet dönəmində güclü elmimiz vardı, amma onun mərkəzdən idarə olunması bəzi məsələlərdə alimlərimizin "əl-qol"unu bağlayırdı. Bu baxımdan, müstəqil Azərbaycanda hər bir sahədə olduğu kimi, elm sahəsinə də yenilik gətirmək məqsədilə 2002-ci ildə akademik Əli Abbasovun rəhbərliyi ilə bir qrup alim apardığımız analiz nəticəsində müstəqil dövlət kimi dünya elmi tərəfindən qəbul edilən jurnallarımızın olmadığını müəyyənləşdirdik. Dünyada minlərlə elmi jurnal çap olunur. Amma ötən əsrin ortalarından sonra elmi qiymətləndirən "Thomson Reuters" Agentliyinin siyahısında cəmi 10 min ətrafında elmi jurnal qeydiyyatdan keçir və bu jurnallarda çap olunan elmi tədqiqat işləri qiymətləndirilir. Düşündük ki, belə bir jurnalımızın olması Azərbaycan elminin dünyada tanıdılmasına, qloballaşmada yaxından iştirakına imkan yaradacaq. Hazırkı mərhələyə gəlib çatmaq üçün ilk vaxtlar əlaqələrimizdən istifadə edərək, qabaqcıl alimləri jurnala cəlb etməyə çalışdıq. Eyni zamanda Azərbaycan elminin dünya müstəvisinə çıxarılması üçün ilk dəfə 2005-ci ildə  RİTN-in dəstəyi və nazir Əli Abbasovun məsləhəti ilə "Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə" konfransı təşkil olundu və demək olar ki, dünyanın bütün ölkələrindən 100-ə qədər xarici alim iştirak etdi. Konfransda yeni, tanınmış alimlər jurnalın redaksiya heyətinə daxil edildi. Beləliklə, "Applied and Computational Mathematics" yarandığı qısa zamanda - 2008-ci ildə  Azərbaycan elm tarixində ilk elmi jurnal olaraq "Thomson Reuters"in genişləndirilmiş siyahısına daxil oldu. Bu tarixdən sonra jurnala artan marağın nəticəsində keyfiyyət dərəcələri də ildən-ilə yüksəlməyə başladı. Nəhayət, agentliyin 2012-ci il üzrə hesabatına əsasən, Azərbaycanda dərc olunan "Applied and Computational Mathematics" (Tətbiq və Riyazi Hesablama) beynəlxalq jurnalının təsir əmsalı (İmpact Factor) artaraq 0,75-ə çatdı. Düzdür, arada bir il jurnalın keyfiyyət dərəcəsi düşdü. Səbəb o idi ki, jurnalı ildə iki dəfə çap edirdik. Sonra "Thomson Reuters"dən ildə iki dəfə çap edilən jurnalların qiymətləndirilməsinin dayandırılacağı ilə bağlı xəbər gəldi və biz jurnalın nəşrinin sayını ildə 3 dəfəyə qaldırdıq. Hazırda jurnal hər nömrə 300 tirajla çap olunur. Bundan sonra jurnalın keyfiyyət dərəcəsi təkrar artmağa başladı.
 
"Elə məqalələr qəbul edilərsə, jurnalın nüfuzunu böyük təhlükə gözləyər"
 
 
 - Bəs "Applied and Computational Mathematics" jurnalı üçün yazılar hansı şərtlərlə qəbul olunur?
- Bu prosesə ciddi nəzarət var. Hər iki-üç ildən bir "Thomson Reuters" rəyçilərin siyahısı ilə bağlı bizə sorğu göndərir. Yəni burada şəffaf sistemdir. Şərtlərə görə, jurnala daxil olan məqalələrin hər biri ciddi rəydən keçirilməlidir. Bir məqaləyə isə 2-dən az rəy verilə bilməz. Bu, dünyada qəbul edilmiş bir prosedurdur. Bəzi alimlər rəylərin verilməsi üçün vəsait tələb etsə də, bəziləri bunu özünün alimlik borcu bilir. Eyni zamanda bu, alimin özünə də müsbət təsir edir. Çünki o, dünyada çıxan yeni jurnallarla maraqlanmasa, elm sahəsindəki yeniliklərdən xəbərsiz qalar. Ona görə də onların böyük əksəriyyəti göndərilən məqalələrə məmnuniyyətlə rəylərini bildirirlər. İki rəyin əsas götürülməsinin də səbəbi bir rəyçinin görmədiyi səhvin digər rəyçi tərəfindən müəyyənləşməsidir. Biri mənfi, digəri müsbət rəy yazdıqda isə üçüncü rəyçiyə müraciət olunur və onun əsasında məqalənin nəşri haqda qərar qəbul edilir. Ümumiyyətlə, iş olan yerdə səhv də ola bilər. Bunu dünya ictimaiyyəti də, biz də normal qəbul edirik. Amma Azərbaycanda buna fərqli münasibəti olanlar da var. Eyni zamanda rəy mənfi verilibsə, nə qədər yaxın adam olursa-olsun, dəxli yoxdur, o məqalə jurnala qəbul edilə bilməz. Çünki elə məqalələr qəbul edilərsə, gələcəkdə jurnalın nüfuzunu böyük təhlükə gözləyər. Türkiyədə agentliyin siyahısında olan 75 jurnaldan 5-i qeyri-ciddiliyə görə bu il o siyahıdan çıxarılıb. MDB ölkələrində də analoji hal təkrarlanıb. Qısa zamanda - 6 il ərzində "Thomson Reuters"in siyahısına daxil olmağımızın səbəbi də məhz şəffaflıq və ciddi nəzarət prinsipidir. Müqayisə üçün deyim ki, Türkiyədə buna yaxın  adla dərc olunan jurnal 36 ilə o siyahıya daxil ola bilib. Ukraynada da buna yaxın  olan jurnalların bəzilərinin impakt-faktorları dəfələrlə aşağı düşüb.
 
"Şəxsi hissləri irəli çəksən..."
 
 
- Təsir əmsalının aşağı düşməsi əsas hansı səbəblər üzündən baş verir?
- Qeyri-ciddiliyə yol verilir. Elə məqalələr götürürlər ki, onların reytinqi olmur. Jurnalda dərc olunmaq üçün çoxsaylı müraciətlər olur. Əgər milli heysiyyəti kənara qoyub, şəxsi hissləri irəli çəksən, əmin edirəm ki, o zaman heç nəyə nail olmaq mümkün olmayacaq. Gərək ilk növbədə millətin, elmin gələcəyini nəzərə alıb qərar verəsən.
 
 
Reytinq və güclü elmi nəticələr şərti
 
 
- Jurnalın bu günədək 27 sayı çapdan çıxıb. Bu müddətdə rəylərə əsasən təxminən nə qədər məqalə jurnaldan kənarlaşdırılıb?
- Bu yaxınlarda belə bir statistika apardıq. İndiyə qədər jurnala daxil olan yazıların yalnız 75 faizi çap edilib, 25 faizi qəbul olunmayıb. Əsasən çalışırıq ki, alimin özünün güclü reytinqi, həmçinin çox güclü elmi nəticələri olsun. Reytinqi olmayan, amma aldığı nəticələr çox güclü olan gənc alimlərin də məqalələrini rəyçilərlə məsləhətləşdikdən sonra dərc edirik. Həmçinin çox reytinqli olan, amma işinin nəticələri zəif olan alimlərin məqalələri qəbul edilmir.
 
Yerə düşən xahiş-minnətlər
 
- Jurnalın nüfuzuna görə dərc olunmaq üçün sizə tapşırıq, xahiş-minnət edənlər olurmu?
- Həddindən artıq olur. Amma obyektivliyin qorunmasında cənab nazirin çox böyük dəstəyi var. Bir çox alimlər, başqa şəxslər müraciət edir, amma heç bir tapşırıq istəyi nəzərə alınmır. Çünki burada iki məsələ var: ya obyektivlik, ya da tapşırıq. Tapşırıq bir-iki il sonra jurnalı qeyri-ciddiliyə yol verən digər jurnallar kimi sıradan çıxaracaq. Hətta jurnalın redaksiya heyətinin üzvlərinə də güzəşt edilmir. Onların bəzilərinin də məqalələri rəylər əsasında nəşrə buraxılmayıb. Məqalə müəllifləri də obyektivlik prinsipi gözlənildiyinə görə bu addıma çox düzgün yanaşırlar. Vaxtı ikən çox mehriban münasibətdə olduğumuz elə müəlliflər də var ki, bunları qəbul etmək istəməyib, amma biz məqaləni buraxmamışıq. İndi o insanlarla münasibətlərdə müəyyən soyuqluq var.
 
"İnanmıram ki, maddi imkanı yaxşı olan alim xaricdə yaşamaq istəsin"
 
 
- Azərbaycanın gələcək hədəflərində "beyin axını"nın qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi də əks olunub. Bununla bağlı fikirləriniz necədir?
- İlk növbədə, alimlərin maddi vəziyyətinin yaxşılaşdırılması önə çəkilməlidir. İnanmıram ki, maddi imkanı yaxşı və elmi tədqiqat işi aparmaq üçün şəraiti normal  olan alim başqa ölkədə yaşamaq istəsin. Eyni zamanda artıq xaricdə öz yerini tutmuş və geri dönmək istəməyən alimlərin ölkəyə gətirilməsi də məqsədəuyğun deyil, əksinə, onların yanında püxtələşmək üçün ölkəmizdən gənc kadrlar göndərilməlidir. Hazırda dövlət tərəfindən elmin inkişafına dəstək verilir. Ölkə başçısı da çıxışlarının birində qeyd edib ki, Azərbaycan elmi də regionda birinci olmalıdır.
 
"Müasir səviyyədə işləməyi bacarmalı və elmdə obyektivliyi qorumalıyıq"
 
- Necə düşünürsünüz, birinciyik?
- Xeyr, birinci deyilik. Birinci olmaq üçün böyük potensialımız və maddi imkanımız var. Amma müasir səviyyədə işləməyi bacarmalı və elmdə obyektivliyi qorumalıyıq. 
 
"Artıq o bilməlidir ki, elmdə sözünü deyə bilmir"
 
- Bəs dövlətin dəstəyinin müqabilində elmi işçilərə qarşı tələblər necə olmalıdır?
- İndi müstəqil dövlət kimi, elmdə qazanılan hər uğur Azərbaycanın adına yazılır. Bu baxımdan, elmi tədqiqat işlərinin məzmunu da dəyişməli, müəyyən islahatlar da aparılmalıdır. Tutaq ki, uzun illərin aliminin bu müddətdə heç bir elmi göstəricisi yoxdur. Artıq o bilməlidir ki, elmdə sözünü deyə bilmir və o yeri tutmağın özü də elmə zərbədir. Hər bir elmi işçidən ciddi hesabatlar qəbul edilməlidir. Alimlər qarşısında iqtisadiyyatımıza xeyir gətirə biləcək problematik məsələlər qaldırılmalıdır. Eyni zamanda alimin gözü heç bir yerdə qalmamalı, işinə görə aldığı maaşla ailəsini normal dolandırmağı bacarmalıdır. Elm başqa işlərə bənzəməz. Əgər alimin maddi sıxıntıları olarsa, artıq beyin tam elmi işə deyil, o qayğıların həllinə köklənir.
 
"Çəkici eyni zindana vurmalıyıq"
 
- Elə kiçik dövlətlər var ki, "Thomson Reuters"in bazasında impakt faktora malik bir neçə jurnalı qeydə alınıb. Azərbaycan üçün bir jurnal az deyilmi?
- Tamamilə yerində verilən sualdır. Azərbaycanda elmin elə sahələri var ki, onlar çoxdan öz jurnallarını bu siyahıya salmaq üçün cəhd göstərməli idilər və əminəm ki, buna nail də olardılar. Məsələn, fizika, kimya, informasiya texnologiyaları, geologiya, biologiya, metalşünaslıq, neft maşınqayırması və s. istiqamətlər üzrə Azərbaycanda çox böyük işlər görülüb və görülməkdədir. Bunlar dünya çapında da öz layiqli yerini tutur və yetərincə də Azərbaycanda jurnallar çap edilir. Düşünürəm ki, onları "Thomson Reuters"in tələblərinə uyğunlaşdırıb, müvafiq addımlar atılmalıdır. Burada əsas tələblərdən biri güclü redaksiya heyətinin yaradılmasıdır. Ona görə də alimlərimiz bir araya gəlib, "çəkici eyni zindana" vurmalıdırlar. Dövlətçiliyimizin daha da möhkəmləndirilməsi məqsədilə humanitar, siyasi, ictimai elmlər sahəsində də jurnalların o bazaya salınmasına hər zamankından daha böyük ehtiyac var. Düşünürəm ki, öndə gedən alimlərimiz bu istiqamətdə zəruri addımlar atacaqlar.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






22 Noyabr 2024

21 11 2024