12px13px15px17px
Tarix:31/08/13

Veni Markovski: “Son zamanlar “.az”” domeninin inkişafında müsbət dinamika müşahidə olunur”


Bu günlərdə Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanın milli “*.az” domeninin 20 illiyinə həsr edilmiş konfrans keçirilib. Azərbaycan MDB məkanında Ukraynadan sonra milli domenini qeydiyyata almış ikinci dövlətdir. Ötən dövr ərzində Azərbaycanın milli “*.az” domeninin inzibatçısı “İntrans” şirkəti  20 min domen qeydiyyatdan keçirib, onların 39%-i (7760 domen) müxtəlif təşkilatlar, qalan hissəsi isə fərdi şəxslər tərəfindən qeydiyyata alınıb. Son on il ərzində milli domenlərin sayı 5 dəfəyədək artıb, 2009-cu ildən etibarən isə domen sayının intensiv artımı müşahidə olunur. Növbəti mərhələdə şirkət servislərin işə salınması, o cümlədən domenlərin itirilməsi hallarının qarşısını almaq üçün istifadəçilərə SMS və elektron bildirişlərin göndərilməsi, SMS vasitəsilə “whois” servisinin işə salınması, domen sahibləri üçün domenlərini idarə etmək və bildirişlərini sazlamaq üçün nəzərdə tutulan “Şəxsi kabinet”in, “Domenlərin müddətinə nəzarət” sisteminin yaradılmasını nəzərdə tutub. Azərbaycan milli domen zonasının inkişafının “ICANN” (Internet Corporation for Assigned Names and Numbers) tərəfindən necə qiymətləndirildiyini və bu sahədə gələcək yeniliklər haqda fikrini öyrənmək üçün “ICANN”-ın Rusiya, MDB və Şərqi Avropa üzrə vitse-prezidenti Veni Markovskiyə müraciət etdik.

Bu gün, bildiyiniz kimi, Azərbaycanın milli “*.az” domen zonasının 20 illik yubileyidir. Azərbaycan domen inzibatçısının ötən dövr ərzində işini necə qiymətləndirirsiniz?

Azərbaycan domen inzibatçısının fəaliyyətini müsbət qiymətləndirməsəydim, mən hazırda burada olmazdım. Bizə maraqlıdır ki, internet sutkada 24 saat işləsin. Bizim üçün, Azərbaycan domen zonasının idarəedicisinin texniki nöqteyi-nəzərdən savadlı olması, domenin necə inkişaf etdirilməsindən anlayışı olması və “ICANN”-ın işində aktiv iştirakı çox vacib faktorlardır. Bizim əsas məqsədimiz isə Azərbaycan internet istifadəçiləri bu və ya digər internet resursunun ünvanını kompüterə daxil etdikdə məhz o sayta daxil olsunlar və “*.az” domen zonası stabil işləsin. İnternetin və domen zonasının dayanıqlığı, təhlükəsizliyi  və stabilliyi bizim əsas prioritetlərimizdir. Ümumilikdə domenlərin inkişafı, o cümlədən  “*.az” domeninin inkişafı “ICANN”-ın maraq dairəsindədir.

Region ölkələri ilə müqayisədə Azərbaycan domen zonasının inkişaf siyasətini və səviyyəsi haqda nə deyə bilərsiniz, “*.az” domen zonasının inkişafının müsbət və mənfi xüsusiyyətləri nədən ibarətdir?

Hər bir ölkənin domen zonası müstəqil inkişaf edir, buna görə də onları müqayisə etmək mümkün deyil. Rusiya ilə Azərbaycan domen zonasının inkişafını müqayisə etmək mümkün deyil. Çünki bu ölkələrin miqyasları, imkanları və siyasəti müxtəlifdir.  Mənim fikrimcə, inkişafı təmin edəcək əsas amil dövlət dəstəyidir. Azərbaycan domen zonasının inkişafının müsbət  tərəfi ondan ibarətdir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu məsələyə önəm verir və statistik göstəricilərə əsasən, onun rəhbərliyi dövründə “*.az” domeninin inkişafında müsbət dinamika müşahidə olunub.

Hazırda dünyada “DNSSEC” protokoluna keçid prosesi necə gedir və perspektivdə bu istiqamətdə hansı işlərin görülməsi gözlənilir ?

İstifadəçilərin saxta DNS məlumatlardan qorumaq üçün yaradılmış “Name System Security Extensions (DNSSEC)” protokoluna bir sıra ölkə, o cümlədən Bolqarıstan və Rusiya, İsveç və s. ölkələr keçiblər. “DNSSEC” protokoluna keçid məsələsi müxtəlif domen zonalarının qeydiyyatçılarından asılıdır. “ICANN”-ın mütəxəssisləri bu prosesə texniki dəstək göstərə bilər, bizim ekspertlər bütün suallara cavab verə bilərlər, amma əsas məsuliyyət qeydiyyatçıların boynuna düşür.  Bizim üçün hər bir domen qeydiyyatçısı tərəfindən internet istehlakçılarının təhlükəsizliyinin təmin etməsi vacib faktorlardan biridir. Mən elə düşünürəm ki, artıq 2-3 ildən sonra bütün ölkələr “DNSSEC” protokoluna keçəcəklər. Niyə bütün ölkələr deyirəm,  çünki bu, elə bir sistemdir ki,  sinxron tətbiq edilməlidir.

Ötən il dünya üzrə “İPv4” protokollarının bitməsi və “İPv6” protokoluna keçidin başlaması haqda məlumatlar geniş yayıldı. Bu yeni protokol istifadəçilərə hansı yeni imkanlar verəcək?

“İPv6” protokoluna keçid o dərəcədə böyük internet ünvan rezervi təqdim edir ki, bunu hətta təsəvvür etmək belə çətindir. Müqayisə üçün, təsəvvür edin ki, “İPv4” protokolu internet ünvanlar ehtiyatı 5 santimetr diametrdə topdur, “İPv6” protokolu isə öz imkanlarına görə günəşin real ölçülərinə bərabərdir. Bu imkanlar ADSL və telefon qoşulmalarını təmin edəcək qədər çoxdur. “İPv6” protokolunda hər bir insanın payına 65 mindən çox İP ünvan düşəcək. Belə bir sual əmələ gələ bilər ki, bu qədər internet ünvan ehtiyatı bir insanın nəyinə lazımdır? Bütün bunlar internetin gələcəyi ilə bağlıdır və hazırda necə ki, məişət texnikası bizim həyatımızın ayrılmaz bir hissəsidirsə, on il bundan sonra nələr baş verəcəyini biz  təsəvvür etmirik.

Azərbaycanda “İPv6” protokoluna keçidlə bağlı hansı işlər aparılır və bu prosesin necə gedəcəyi gözlənilir?

Azərbaycanın “*.az” domen inzibatçısının mənə verdiyi məlumata əsasən, ölkəniz 4 milyard “İPv6” internet ünvanına malikdir və “*.az” domenin inzibatçısı olan “İntrans” şirkəti, digər  şirkətlərə örnək olmaq üçün, tədricən “İPv6” ünvanlarına keçidi “İPv6” protokoluna bütün ölkənin keçməsini gözləmə, öz resurslarını yeni protokola keçirməyə başla” şüarı ilə reallaşdırmağa başlayır. Azərbaycanda “İPv4” internet ünvanlar ehtiyatı artıq məhdudlaşıb və hazırda kimsə 10 min ünvan almaq istəsə, bu mümkün olmayacaq, maksimal “İPv4” internet ünvan paketinin həcmi 24 mindən çox deyil. Keçid uzunsürən olacaq, lakin bu ünvanları təqdim edən internet operatorlardan da asılıdır, 2000-ci illərin əvvəlində buraxılmış avadanlıqlar üzərində qurulmuş şəbəkədə “İPv6” protokolundan istifadə etmək mümkün deyil, hətta son istifadəçinin qurğusunda bu imkan mövcud olduğu halda belə. ABŞ-da bu problem ən iri internet operatorlar səviyyəsində həll olunub, “Comcast” kabel televiziya operatoru “İPv6” protokolunu bütün şəbəkə istifadəçiləri üçün tətbiq edib, lakin bu, çox böyük sərmayədir və bununla yanaşı, istifadəçi qurğuları da bu protokolu dəstəkləməlidir. Hətta hökumət bir gün desə ki, “İPv6” protokoluna keçid üçün hər bir şərait yaradılıb, istehlakçılar buna texniki nöqteyi-nəzərdən hazır olmadığı halda bu layihə baş tutmayacaq. Tam keçid baş tutanadək, bu iki protokol uzun illər boyu yanaşı istifadə ediləcək, mən düşünürəm ki, hətta 10-20 il bundan sonra belə, dünyada elə bir məkanlar olacaq ki, orada “İPv4” protokolundan istifadə ediləcək. Bolqarıstan, 14 il bundan öncə, “İPv6”-ya keçid layihəsi çərçivəsində, ABŞ-da artıq istifadə edilməyən və bir az köhnəlmiş avadanlıqlar alaraq istifadə edib və hazırda bu avadanlıqlar yeniləndikcə, köhnə avadanlıqlar bu proses yeni başlayan digər ölkələrə satılır.

“ICANN”-ın Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkədə ofis açmaq və serverlərini quraşdrımaq niyyəti var?

Artıq Azərbaycanda bizim bir əsas serverimiz var. Bu, təhlükəsizlik nöqteyi-nəzərdən çox vacibdir. Çünki kibertəhdidlər zamanı belə, Azərbaycan internet  istifadəçiləri şəbəkədən istifadə edə biləcəklər. Bir neçə il bundan öncə “ICANN”-ın 13 serverlərinin hamısına kiberhücum təşkil olunmuşdu və onların 7-nin işi dayandı. Bu hadisədən sonra “ICANN”-ın və digər qurumların mühəndisləri  bu cür halların qarşısının alınması üçün bütün serverlərin güzgü versiyalarını yaratmaq fikrinə gəldilər və gələcəkdə belə hücumlar təkrar olduqda  Azərbaycan internet məkanının istifadəçiləri bunu hiss etməyəcəklər.

Nümayəndəliyin açılışına gəldikdə isə, ötən il bizim rəhbərliyin Azərbaycan prezidenti ilə görüşü zamanı ölkədə “ICANN”-ın ofisinin açılması məsələsi müzakirə olunub. Bizim İstanbulda nümayəndəliyimiz var və bu ofis sizin regionu əhatə edir, növbəti ofis Sinqapurda olacaq. Nümayəndəlik açdıqda biz əsasən nəqliyyat, “Visa” rejimi nöqteyi-nəzərindən rahatlığa fikir veririk. “Türk Hava Yolları”nın bütün istiqamətlərdə uçuşlar həyata keçirdiyinə və regionun bir çox ölkələrinə vizasız getmək mümkün olduğuna görə biz bu regionda İstanbula üstünlük verdik.

“ICANN” Azərbaycana “*.az” domen zonasının və internetin ümumi inkişafının təmin edilməsi  üçün nələri tövsiyə edir?

Azərbaycan internet məkanına və onun istifadəçilərinə “ICANN”-ın yeganə bir tövsiyəsi odur ki, bizim təşkilatın işində müxtəlif təbəqələrdə iştirak etsinlər. Bizim təşkilatda, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsil olunduğu hökumət səviyyəli  tövsiyə  komitəsi, domen inzibatçıları komitəsi mövcuddur, lakin Azərbaycandan olan son domen istifadəçiləri müzakirələrdə çox az və qeyri-müntəzəm şəkildə iştirak edirlər, bu da ümumiyyətlə “ICANN”-da Şərqi Avropa ölkələrinin səsinin çox az eşidilməsinə səbəb olur. Mən istifadəçiləri bizim rəsmi resursumuza müraciət etməyə çağırıram.

Aynur Vəliyeva



Baxış sayı: 874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






25 Aprel 2024

24 04 2024