12px13px15px17px
Tarix:23/11/13

Baş menecer: “Azərbaycan “Microsoft” üçün strateji əhəmiyyət daşıyır”

Dünyanın aparıcı İT şirkətlərindən biri olan “Microsoft” ümumi       fəaliyyət    strategiyasının istiqamətini dəyişir və yeni məhsul bazarına çıxır. Yeni strategiyanın əsas istiqamətləri və “Microsoft”un Azərbaycan hökuməti ilə birgə iştirak edəcəyi təşəbbüslər və layihələr haqda, şirkətin Mərkəzi və Şərqi Avropa regionunun inkişaf edən ölkələr üzrə baş meneceri Takuya Hirano “Rabitə dünyası” qəzetinə müsahibəsində öz fikirlərini bildirib. Takuya Hirano artıq üç ildir ki, Azərbaycanın da daxil olduğu Mərkəzi və Şərqi Avropa regionuna nəzarət edir. Bundan öncə o, Yaponiyada “Microsoft”un nümayəndəsi kimi  korporativ biznes sahəsinə cavabdeh olub.
 
Azərbaycanın informasiya texnologiyaları bazarını necə qiymətləndirirsiz ?

Azərbaycan “Microsoft”un diqqət-nəzərində olan ölkələrdən biridir. Azərbaycan bazarı sürətlə artır, bu da ölkədə biznesin sürətli inkişafı və informasiya texnologiyalarına artan maraq fonunda baş verir. Biz yerli bazarı intensiv inkişaf edən və perspektivli bazar kimi qiymətləndiririk.  Bu mənim Azərbaycana ikinci səfərimdir. Mən deməliyəm ki, Azərbaycan çox unikal və möhtəşəm ölkədir, onun özünəməxsus enerjisi var, son illər Bakıda çox gözəl binalar tikilir, şəhərin abadlaşdırılmasında əhəmiyyətli işlər görülüb. Dediyim kimi, Azərbaycan “Microsoft” üçün strateji əhəmiyyət daşıyan bir ölkədir,   çünki ölkə hökuməti, “Microsoft” korporasiyası kimi özü üçün informasiya texnologiyalarının inkişafını vacib məsələ kimi qəbul edib. Ötən səfərim zamanı mənim üçün çox vacib məqamlardan biri Azərbaycan hökumətinin İT sahəsinin, startapların, innovasiyaların   inkişafını dəstəkləməsi və intellektual mülkiyyət hüquqlarının qorunmasını prioritet kimi müəyyən etdiyini öyrənmək oldu.

Nəticədə mən Azərbaycan ofisində çalışan əməkdaşların inkişafına və resurslara daha çox investisiya qoymaq qərarına gəldim.  Mən hesab edirəm ki, yaxın zamanda bu ofis bizim gələcəkdə görmək istədiyimiz işlərin həyata keçirilməsi üçün çox kiçik olacaq. Biznesin bu cür inkişafı yalnız yerli tərəfdaşların və hökumətin  innovasiyalara  diqqət göstərdiyi halda mümkündür. Buna görə də mən burdayam və böyük irəliləyiş müşahidə edirəm. Bizim yerli bazarda uğurlu fəaliyyətimizin əsasını təmin edən vacib məqamlardan biri “Microsoft”un Azərbaycan nümayəndəliyində maraqlı və peşəkar işçi komandanın olmasıdır.


Məlum olduğu kimi, “Microsoft” şirkəti fəaliyyət strategiyasında dəyişikliklər edir. Bu dəyişikliklər nədən ibarət olacaq və məqsəd nədir?
 
 
“Microsoft”un yeni fəaliyyət istiqamətləri və strategiyası haqda deyə bilərəm ki, “Microsoft” özünü yenidən servislər və devays sahəsinə istiqamətləndirilmiş bir şirkət kimi görməyə başlayır. Bu, o deməkdir ki, biz artıq proqram təminatı şirkətindən devays şirkətinə çevrilirik və insanlarla faydalı təcrübəmizi bölüşmək istəyirik. Bizim üçün fərqi yoxdur, bu, fərdi istifadəçidir, yoxsa korporasiya, biz hamıya “bulud” servislərini devayslar vasitəsilə təqdim etmək istəyirik. Mənim dörd uşağım var və onlara  “Xbox” maraqlı  ola bilər, mənim üçün isə tez-tez səyahət edən insan kimi, “Skype” böyük əhəmiyyət daşıyır. Hazırda taçskrin interfeyslərdən istifadə edilir və bu, hətta 3-4 yaşlı uşaqları belə informasiya texnologiyalarından uğurla  baş çıxarmağa imkan verir. Böyük həcmdə “bulud” məlumatlardan hamı istifadə edir, bu da o deməkdir ki, proqram təminatının və kompüterlərin inteqrasiyası daha sıx baş verməlidir. İnsanlar daha məhsuldar olmaq istəyirlər biznesdə, dostlarla ünsiyyətdə, onları maraqlandıran məlumatlara daha yaxın olmaq istəyirlər. İnsanlar bu devayslarla münasibətlərində üç məqsəd güdürlər: məlumat almaq, nə isə yaratmaq və daim dostlarla əlaqədə olmaq. Bu “Microsoft”un ümumi inkişaf strategiyasıdır.

«Microsoft» şirkəti təhsil sahəsində sosial layihələrin həyata keçirilməsində aktiv iştirak edir, o cümlədən güzəştli şərtlərlə lisenziyalı proqram təminatı təqdim edir, İT təhsilin inkişafı üzrə layihələrdə iştirak edir. Azərbaycanda bu qəbildən olan layihələrdə iştirak planları varmı?

Azərbaycanda biz hazırda hökumətlə birgə Milli İnformasiya Texnologiyalarının Rəqabətliliyi layihəsi üzərində işləyirik. Bu layihə çərçivəsində biz Azərbaycan hökuməti ilə  tələbələrin yeni biliklər əldə edilməsini təmin edən təhsil, informasiya texnologiyalarının təhlükəsizliyi, İT mütəxəssislərinin və startapların inkişafı, internet ünvanlarının mühafizəsi kimi spesifik sahələri müzakirə edirik və kömək etməyə çalışırıq. Bizim bu sahələrdə bir çox proqramlarımız var, onlardan biri Azərbaycan Təhsil Nazirliyi ilə imzalanmış memorandum çərçivəsində həyata keçirilən “1 şagird – 1 kompüter” layihəsidir. Bu, Təhsilin inkişafı üzrə milli strategiyanın bir hissəsidir. Biz eyni zamanda 7-8 yerli universitet ilə “bulud” texnologiyaları üzərində işləyən “Ofice-365” servisinin tətbiqi ilə bağlı layihə həyata keçiririk. Bu layihə çərçivəsində biz bəzi proqram təminatlarını universitetlərə və tələbələrə təmənnasız təqdim edirik ki, onlar rəqəmli kontent əldə edə bilsinlər, virtual akademiya yaratmaq üçün şərait yaradılsın. Biz eyni zamanda startapların yaradılması üçün müəyyən imkanlar təqdim edirik. Bütün bunlar “Microsoft”un ümumi devaysların yaradılmasına istiqamətləndirilən strategiyasına uyğun gəlir.

Necə hesab edirsiniz, Azərbaycanda pirat proqram təminatı bazarının həcminin azalması üçün hansı tədbirlər görülməlidir və yerli bazarda müşahidə olunan vəziyyətin region ölkələrindən fərqi nədədir?

Piratçılıq “Microsoft” şirkəti ilə bərabər bütün şirkətlərin problemidir. Bir çox araşdırmalar göstərir ki, bu, ölkənin məhsuldarlığına, təhsilə, əhalinin məşğulluq səviyyəsinə təsir göstərir. Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir - 87%. Bir tərəfdən “Microsoft” şirkətinin ölkədə düzgün lisenziyalaşma siyasəti aparması biznesin məhsuldarlığını artırır, digər tərəfdən isə cəmiyyət pirat məhsullarına düzgün münasibət bəsləməlidir ki, bu problem aradan qaldırılsın. Lakin hazırda cəmiyyətin pirat məhsullarına olan münasibəti kibertəhlükəsizliyə təhdid yaradır. Biz öz tərəfimizdən bunun qarşısını almaq üçün cəmiyyətin maarifləndirilməsi üçün tədbirlər görürük. Azərbaycanda piratçılıqla mübarizənin hökumət tərəfindən prioritet kimi qəbul edilməsi və bu problemin həllinə diqqət yetirilməsi müəyyən irəliləyişə nail olmağa kömək edib. Mənim işlədiyim Mərkəzi və Şərqi Avropa regionunun 24 ölkəsində ən yüksək piratçılıq göstəricisi 91-92%, orta göstərici 63%, ən kiçik göstərici isə 43%-dir. “Microsoft”un məlumatına əsasən, Azərbaycanda pirat proqram təminatı bazarının həcmi 67 milyon dollar təşkil edir, bu da ölkədə İT sahəsinin inkişafına böyük ziyan vurur. Buna baxmayaraq Azərbaycan bazarında lisenziyalı proqram təminatının istifadəsi ildən-ilə artır. Bizim hesablamalarımıza əsasən, orta hesabla lisenziyalı proqram təminatı bazarının artımı illik artımın 30-35%-ni təşkil edir.

“Microsoft”un mobil qurğuları yerli bazarda nə dərəcədə populyardır və “Nokia”nın “Windows” mobil telefonlar bölməsini alması fonunda Azərbaycan bazarında iştirak payınızı artırmağı düşünürsünüzmü?
 
Hazırda “Nokia” şirkətinin “Microsoft”un nəzdinə keçməsi ilə bağlı tədbirlər görülür. Bu, çox mürəkkəb prosesdir və onun gələn ilin əvvəlində başa çatacağı gözlənilir. Bu proses bitdikdən sonra “Microsoft” şirkətinin yeni smartfonları təqdim ediləcək. Bizim üçün sevindirici haldır ki, hazırda yerli bazarda “Microsoft”un buraxdığı “Windows Phone” qurğuları müəyyən populyarlıq əldə ediblər. Qısa müddət ərzində bu qurğulara olan maraq artıb və hazırda yerli bazarda “Windows Phone” istifadəçilərinin sayı ümumi smartfon bazarının 10%-ni təşkil edir. Gələn ilin əvvəlində biz “Nokia”nın “Windows”  mobil qurğular və əlavələr bölməsi ilə birləşmə prosesini tam başa çatdıracağıq və bundan sonra Azərbaycan bazarına istehsal etdiyimiz yeni mobil qurğular və devayslar təqdim edəcəyik.

Azərbaycanda son illər İKT-nin inkişafına, startapların, “Yüksək Texnologiyalar Parkı”nın yaradılmasına  böyük diqqət yetirilir. Azərbaycanda İKT sektorunun inkişafı  və yerli məhsulu beynəlxalq bazara çıxarmaq  perspektivini necə qiymətləndirirsiniz?
 
Bir çox ölkələrin hökumətləri informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən texnoparkları iş yerlərinin artırılması üçün istifadə edir. Biz Azərbaycanda texnoparkların və startapların inkişafı təşəbbüslərini, insanlar üçün müxtəlif texnologiyaların inkişafı məqsədi ilə meydanın yaradılmasını müsbət qiymətləndiririk. Lakin bu təşəbbüsün vacib məqamlarından biri bu parklarda necə insanların işləyəcəyidir. Kadr seçiminə ciddi yanaşmaq lazımdır. Mən sizə bir misal gətirim: nəzarət etdiyim ölkələrdən birinə səfər zamanı  mən “Microsoft”un inkişaf mərkəzini ziyarət etdim, burada məhsulların kodlaşdırılması həyata keçirilirdi. Orada  mütəxəssislər “Binq” axtarış sistemi, “Surface” planşetinin dizaynı və digər layihələr üzərində işləyirdilər. Mənimlə birgə  səfərdə olan Stiv Balmer onlardan soruşdu: “Niyə siz bu qədər müxtəlif məhsullar üzərində işləyirsiz, niyə siz bir məhsul üzərində dərindən məşğul olmayasınız?” Bu mərkəzin rəhbəri, orada işləyən bütün mütəxəssislərin riyaziyyat əsaslı təhsilli olduğunu bildirdi. Bundan biz belə nəticə çıxardıq ki, bu ölkədə çox sayda riyaziyyatçı var və onlar asanlıqla informasiya texnologiyalarının bütün istiqamətləri üzrə işləyə bilərlər. Azərbaycandakı texnoparka qayıdaraq deyə bilərəm ki, yeni texnologiyaların və startapların yaradılacağı texnoparkın mövcudluğu, ixtisaslaşmış kadrlardan ibarət yaxşı komandanın yaradılması və “Microsoft” kimi bir şirkətin sponsor və təcrübə dəstəyindən istifadə etmək imkanı və hökumət dəstəyinin mövcudluğu bu təşəbbüsün uğurlu olacağına zəmin  yaradır. Azərbaycan  hökuməti informasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir və “Microsoft” şirkəti Azərbaycanda həyata keçirilən texnoparkların  və startapların inkişafı ilə bağlı layihələrdə yaxından iştirak etmək niyyətindədir. Buna görə də mənim bu layihələrin uğurlu gələcəyinin olacağına inamım var.  

Aynur Vəliyeva
 
 
 
 



Baxış sayı: 957

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






22 Noyabr 2024

21 11 2024