TÜRKİYƏ SƏFİRİ: “Mən bir çox insanların kitablarda oxuduqları, filmlərdə gördükləri qardaşlıq hisslərini Azərbaycanda canlı olaraq yaşadım”
TÜRKİYƏ YÜKSƏLDİKCƏ AZƏRBAYCAN, AZƏRBAYCAN YÜKSƏLDİKCƏ İSƏ TÜRKİYƏ GÜCLÜ TƏRƏFDAŞ ƏLDƏ EDİR
Türkiyə tarix boyunca daim çətin məqamlarda Azərbaycanın yanında olub və bu qardaşlıq əlaqələri illər keçdikcə daha da güclənir. Artıq Azərbaycan tam müstəqil, sürətlə inkişaf edən ölkəyə çevrilib və dünyada özünəməxsus nüfuza malikdir. Türkiyə bu cür tərəfdaşı olduğundan qürur duyaraq, vaxtı ilə çətinlikləri bölüşdüyü kimi, uğurlara da birgə nail olmaq ümidləri ilə Azərbaycanı dəstəkləməkdə davam edir. Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları haqda bəhs edən, qardaş ölkənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun Azərbaycana səfir təyinatı aldıqdan öncə İtaliyada və Rusiyada diplomatik missiyalar yerinə yetirib. Türkiyə səfiri "Rabitə dünyası" qəzetinə eksklüziv müsahibəsində ailəsi ilə rahatlıq içində yaşadığı Azərbaycandan getməyə tələsmədiyini bildirib.
- Azərbaycana təyinat aldıqda gözləntiləriniz, Azərbaycan haqda təsəvvürünüz necə idi və bundan öncə çalışdığınız ölkələrdən Azərbaycanın fərqi nədədir?
- Mən 27 ildir ki, Türkiyənin Xarici İşlər Nazirliyində çalışıram və Azərbaycandan öncə, Rusiyada və İtaliyada, NATO-nun nümayəndəliyində və bir çox digər yerlərdə işləmişəm. Əlbəttə ki, hər bir ölkənin özünə görə özəllikləri var, o cümlədən Azərbaycanın. Anadoludan olan bir türk diplomatı kimi özümü çox fərqli və rahat hiss edirəm. Çünki bura mənim vətənimə yaxındır və mən özümü bir evdə bir otaqdan digər otağa keçmiş kimi hiss edirəm. Gördüyünüz kimi, siz Azərbaycan dilində danışırsız, mən isə Anadolu türkcəsində və biz bir-birimizi 90-95% başa düşürük. Türk diplomatı üçün Azərbaycanda xidmət etməyin bir çox üstünlüyü var. Burda müsbət nəticə əldə etmək üçün daha geniş imkanlar var. Çünki Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, bizim taleyimiz birdir. Türkiyənin Azərbaycandakı səfirliyində çalışan bütün dostlarım bizim tarixi birliyimizə layiq olmalıdır, həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının gözləntilərini doğrultmalıdırlar. İki ölkənin dövlət başçılarının ortaya qoyduqları yüksək iradəyə layiq olmaq lazımdı.
Azərbaycana gəlmədən öncə insan uzaqdan, bu ölkədə baş verən böyük dəyişiklikləri anlamaya bilər. Mənim burada çalışdığım 2-3 il ərzində çox böyük dəyişikliklər müşahidə etmişəm və bu, çox gözəldir. Səfirlik üçün belə dinamik inkişaf edən ölkədə çalışmaq daha da maraqlıdır. Bundan başqa, Azərbaycan Türkiyə ilə qardaşlıq edən bir ölkədir və diplomat üçün bu, çox həyəcanverici bir məqamdır.
- Azərbaycanda 2012-ci ildən etibarən çalışırsınız. Ötən müddət ərzində qarşınıza qoyulan məqsədlərə nail olmusunuz? Fəaliyyətinizdə əsasən hansı sahələrdə çətinliklərlə qarşılaşмısınız?
- Hər bir ölkəyə köçəndə olduğu kimi, Azərbaycanda da yerləşdiyimdə kiçik logistik narahatlıqlar hiss etdim. Lakin digər ölkələrdən fərqli olaraq Azərbaycan ən az narahatlıq hiss etdiyim bir ölkə oldu. İtaliyada, Rusiyada və digər ölkələrdə bu kiçik uyğunlaşma problemlərini həll etməklə, Azərbaycanda bunu etmək arasında çox böyük fərq var. Çünki burada hər getdiyimiz yerdə bizi ürək açıqlığı ilə qarşılayırlar, bu, bizi çox şad edir və qarşıya qoyduğumuz məqsədlərə daha asanlıqla nail olmağa imkan verir. Qarşılıqlı hisslərlə Türkiyədə azərbaycanlılar qarşılanırlar. Mən bura gəldiyimdə öhdəmə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirmək məqsədi ilə işə başladım. İki ölkə rəhbərinin qarşımızda qoyduğu hədəflər arasında ticarət əlaqələrinin genişləndirilməsindən başlayaraq, iş adamlarının iş şərtlərinin yaxşılaşdırılmasına, Azərbaycanla Türkiyənin hər bir sahədə bir-birlərinə dəstək olmasına kimi, çox geniş siyahı var. Nəzər salsaq görərik ki, ölkələrimiz arasında, siyasi, iqtisadi, hərbi müdafiə, texnologiya mübadiləsi sahəsində çox böyük əlaqələr mövcuddur və mənim, bir səfir kimi, borcum dövlət rəhbərlərinin ortaya qoyduğu planların reallaşdırılmasıdır və hesab edirəm ki, buna nail ola bilirik. Lakin biz heç vaxt düşünməməliyik ki, artıq bütün məqsədlərimizə nail olmuşuq. Çünki hər bir ölkədə hər gün yeni potensiallar yaranır. Dünyadakı hadisələr bizə də öz təsirini göstərir və biz mənfi tendensiyalardan yeni imkanlar əldə etməliyik və edirik də. Misal üçün, dünya bazarında neftin qiymətinin düşməsi, Azərbaycanda uzun müddət baş verən iqtisadi dəyişikliklərin nə dərəcədə məqsədəuyğun olduğunu göstərdi. Azərbaycan prezidentinin qeyd etdiyi kimi, iqtisadi dəyişikliklər və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi bu dövrdə daha da önə çəkildi. Bu mərhələdə Azərbaycanla Türkiyə arasında əməkdaşlıq üçün daha bir fürsət yaranır. Türkiyə iqtisadiyyatı dünyanın ilk 16-17 iqtisadiyyatı siyahısına daxil olmasına heç bir neft zənginliyi olmadan nail olub. Biz iş adamlarımızı, ideyalarımızı, ölkəmizin, insan resurslarımızın potensialını səfərbər edərək belə bir nəticə əldə edə bildik. Azərbaycan regionların inkişaf etdirilməsi üçün layihələr, iqtisadi islahatlar, kiçik və orta sahibkarlığın inkişafının təşviq edilməsi, sənaye parklarının, texnoparkların inkişaf etdirilməsi, özəl sektorla universitetlər arasında əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində geniş fəaliyyət proqramına sahibdir. Bundan başqa peyk texnologiyaları sahəsində görülən işlər, o cümlədən ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində Azərbaycan Türkiyəni də qabaqlayıb. Biz Azərbaycanla Türkiyənin bu istiqamətdə uğurlu təcrübə mübadiləsini həyata keçirməsini ən doğru yol hesab edirik və hazırda mən ən çox bu məsələlər üzərində işləyirəm. Çətinliklərdən bəhs edərək гейд етмялийям ки, bütün bunları deməklə reallaşdırmaq mümkün deyil. Hər iki ölkənin öz qanun-qaydaları var. Biz iki millətin xüsusiyyətlərini nəzərə alaraq ən rahat mühit yaratmaqla bu məqsədlərə nail olmağa çalışmalıyıq ki, iş adamlarının, sərmayədarların, işçilərin ideyalarının mübadiləsini daha güclü zəmində təşkil edək. Azərbaycanın qarşısında prioritet inkişaf istiqaməti kimi seçdiyi kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində Türkiyənin yetərincə təcrübəsi var. Eyni zamanda, Azərbaycanın təqdim edə biləcəyi potensialdan Türkiyə yararlana bilər və sonda hər iki ölkənin dinamik inkişafına nail ola bilərik. Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi layihələrə nəzər salsanız, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi, TANAP kimi birgə layihələr ölkələrimizin regionda təsir gücünü artırır.
- Azərbaycanla Türkiyə arasında yaradılmış əməkdaşlıq əlaqələrini necə qiymətləndirirsiniz, elə bir sahə varmı ki, orada siz daha böyük nailiyyət əldə etmək istərdiniz? Hansı sahələrdə əməkdaşlığın daha uğurlu olduğunu düşünürsünüz?
- Bəli, düz deyirsiz, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdə Türkiyə ilk günlərdən Azərbaycanın yanında oldu və o dövrdə Türkiyənin öz imkanları az olsa da, mümkün olan qədər Azərbaycanı təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində dəstəkləməyə və müdafiə etməyə çalışdı. Türkiyə ilə Azərbaycan münasibətlərinin o dövrü ilə bugünkü dövrünü müqayisə etdikdə çox gözəl dəyişikliklərin baş verdiyini görürük. O zaman Azərbaycan çox böyük sıxıntılardan çıxaraq ikinci dəfə böyük əziyyətlərlə müstəqilliyini əldə etmişdi. Ölkənin əraziləri işğal olunmuşdu, qaçqın və köçkünlərin yükü altında sıxıntı içində olan bir ölkə idi.
Bugünkü Azərbaycan isə Birinci Avropa Oyunlarına ev sahibliyini edən, Türkiyəyə 18-20 milyard dollar sərmayə yatıran bir ölkədir. Bu gün biz G-20-də Azərbaycanla yanaşı fəaliyyət göstəririk. Dünyada beynəlxalq platformalarda birlikdə çıxış edirik, bu, çox gözəl bir haldır. Keçmişdə Türkiyənin yardımına ehtiyacı olan bir ölkə bu gün bizə beynəlxalq arenada güc verən və dəstəkləyəн tərəfdaşımıza və qürur mənbəyimizə çevrilib. Beləliklə, Türkiyə yüksəldikcə Azərbaycan, Azərbaycan yüksəldikcə isə Türkiyə güclü tərəfdaş əldə edir və birlikdə komanda kimi çıxış etməyimiz bizə daha güclü olmağa imkan verir "Bir elin nesi var, iki elin sesi var" misalındakı kimi.
Biz regionlarımızın inkişafında son 5-10 il ərzində uğurlar əldə etmişik və bu sahədə təcrübələrimizi Azərbaycanla bölüşə bilərik. Kənd təsərrüfatı sahəsində Türkiyə çox güclü infrastruktura malik olan bir ölkədir. Hesab edirəm ki, Azərbaycan kənd təsərrüfatı potensialını artırmaq üçün yenidənqurma işləri aparmalıdır. Çox yaxın zamanda Azərbaycan öz qida tələbatlarını tam ödəyə biləcək ölkəyə çevriləcək. Bu gün bir ölkənin öz qida tələbatlarını təmin etməsi böyük nemətdir və strateji önəm daşıyır. Azərbaycan isə bunu bacaran və ixracatını da artıran bir ölkəyə çevrilir.
Turizm sahəsində də Azərbaycan çox böyük potensiala malikdir. Bu gün bu sahədə infrastruktur yaradılır və təkmilləşdirilir. Ölkədə yeni 5 ulduzlu otellər tikilir və onların sayı son 4-5 ildə yetərincə artıb və bu proses çox sürətlə gedir. Lakin bu gün Azərbaycan bizim nə vaxtsa keçdiyimiz çətinliklərlə üzləşir, infrastruktur və xarici görünüşün dəyişilməsi ilə yanaşı, turizm sahəsində kadrların hazırlanmasına ehtiyac duyulur. Bu sahədə xidmət xarici görünüşə və infrastruktura adekvat olmalıdır. Bu sahədə Türkiyənin yaxşı təcrübəsi var. Biz tək turizmdən 35 milyard dollara yaxın gəlir əldə edirik. Yerli gənc kadrların hazırlanmasını, bizim təcrübəli kadrların burada fəaliyyətini təmin edə bilirik. Məndən soruşsanız deyə bilərəm ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlıq imkanları sonsuzdu. Çünki hər iki ölkənin çox böyük bir potensialı var, bizim üçün Azərbaycan Cənubi Qafqaza, Orta Asiyaya və Rusiyaya açılan bir qapıdır. İstər logistik nöqteyi-nəzərdən, istərsə digər tərəflərdən. Mövcud əməkdaşlıq imkanlarımızı iş adamlarımızı dəstəkləməklə inkişaf etdirə bilərik. Çünki onların sahibkarlıq ruhundan yararlana bilsək, dövlətin dəstəyi nəticə verməyə başlayacaq.
- Azərbaycanla Türkiyə arasında İKT sahəsində yetərincə uğurlu əməkdaşlıq əlaqələri yaradılıb. Gələcəkdə telekommunikasiya, yüksək texnologiyalar, innovasiyalar və elm sahəsində önəmli iş birliklərinin yaradılması, müqavilələrin imzalanması gözlənilirmi?
- Bir neçə ay bundan öncə Türkiyənin sənaye və texnologiyalar naziri Azərbaycanda səfərdə olub və Azərbaycanın Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb. Azərbaycan son illər texnologiyaların inkişafına əhəmiyyətli sərmayə yatırımları həyata keçirib. Bu sahədə infrastruktur da təkmilləşdirilir. Türkiyə hazırda adambaşına düşən gəlir səviyyəsinin daha da artırılması üzərində işləyir. Bu sahədə sıçrayış etmək üçün texnologiyalara əsaslanan iqtisadiyyat qurulmalıdır. Artıq Türkiyə yeni texnologiyalar istehsal edən və ixrac edən ölkəyə çevrilir. Son illər ərzində dövlət tərəfindən Türkiyədə texnologiyalar sahəsində araşdırma və inkişaf etdirmə işlərinə böyük dəstək göstərilib. Təbii ki, bunlar bir gündə baş verəcək işlər deyil, amma müəyyən müddət ərzində doğru istiqamətlərdə sərmayə qoymaqla, təhsil taktikaları tətbiq etməklə, özəl sektorun universitetlərlə əlaqələrini möhkəmləndirməklə gözəl nəticə əldə etmək olar. Nəticə olaraq bu gün artıq dünya reytinqlərində Türkiyədən olan patentlərin sayı artır. Baxmayaraq ki, istədiyimiz səviyyəyə qalxa bilməmişik. Türkiyə tamamilə daxili potensialı sayəsində pilotsuz təyyarə, tank, gəmi istehsal edən ölkəyə çevrilib. Bunların istehsalında 100 faiz Türkiyə qaynaqlarından istifadə edilməsə də, biz bu istiqamətdə irəliləyirik. Bu arada Türkiyə ilə Azərbaycan yüksək texnologiyalar sahəsinin inkişafında birgə strategiyalar əsasında, bir-birini tamamlayan layihələr həyata keçirə bilərlər. Coğrafi olaraq bir-birimizə yaxın olduğumuza görə biz peyk texnologiyalarının hansı istiqamətdə və necə istifadə edilməsini müəyyən edə bilərik. Zənnimcə, ölkələr milli səviyyədə irimiqyaslı yüksək texnologiyaların tətbiqini bir-birini tamamlamaq şərti ilə həyata keçirə bilərlər. Avropada bir çox ölkə Avropa Birliyi çərçivəsində bu cür əməkdaşlıq modellərini gerçəkləşdirə bilir. Bizim də Azərbaycanla bunu etməyimiz üçün heç bir maneə görmürəm. Hər iki ölkənin özünəməxsus şəbəkələri, texnologiyaları, peykləri ola bilər, lakin bir çox istiqamətdə üst-üstə düşən ortaq hədəflərimiz, maraqlarımız ola bilər və bu məqsədlərə nail olmaq üçün biz resurslarımızı birləşdirə bilərik.
- Türkiyə Azərbaycanın müstəqilliyinin ilk günündən onun yanında olub və qardaşlıq münasibətləri son zamanlar daha да möhkəmlənib, istər iqtisadi, istərsə də siyasi nöqteyi-nəzərdən ölkələrimizin birliyi göz önündədir. Zənninizcə, bu birlik Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə imkan verəcək?
- Türkiyə Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi başladığı zaman çox yaxından bu problemlə maraqlanıb. O dövrdə bir çox münaqişələr başlandığı, ATƏT-in Minsk qrupunun yeni işə başladığı dövr idi. O zaman mən Moskvada xidmət etdiyimə baxmayaraq vəzifəm imkan verdiyi qədər Azərbaycana dəstək olmağa çalışdım, sonralar digər ölkələrdə işlədiyimiz zamanda əlimdən gələni etmişəm, çünki bu bizim üçün Kipr məsələsi qədər önəmli bir məsələdir. Azərbaycan prezidentinin dediyi və bizim də arzu etdiyimiz bu münaqişənin sülh yolu ilə həll edilməsidir. Çünki müharibələrin nə dərəcədə dağıdıcı və əslində sonda hər iki tərəfə zərər verən bir fəlakət olduğu göz önündədir. Amma işğal davam etməməlidir, çünki bütün beynəlxalq forumlarda, hər bir sahədə olduğu kimi, bu sahənin həllində də birgə çıxış edirik. İcazə versəniz, Azərbaycanın adından danışım. Biz Azərbaycan olaraq artıq üzərimizə düşəni edirik. Amma ən önəmlisi odur ki, beynəlxalq ictimaiyyət vicdan, ədalət, gərginliyə təzyiq qaydalarına uyğun hərəkət etsə, bu münaqişənin həllinə nail ola bilər. Beynəlxalq ictimaiyyətin məqsədəuyğun həssaslığı çox gözəl bir haldır, amma bunun Dağlıq Qarabağ məsələsinin həllinə təsir göstərməsini də istərdik. Amma bunu görmürük. Bu cür məsələlər asanlıqla həll edilmir. Əlbəttə ki, nə vaxtsa atəşkəslə bağlı razılıq əldə olunub, amma buna baxmayaraq cəbhə xəttində hər gün Azərbaycan vətəndaşları şəhid olurlar. Bu, donmuş münaqişə deyil, beynəlxalq ictimaiyyət buna heç bir problem yoxmuş kimi baxa bilər. Dünya ictimaiyyətinin bu münaqişəni unutmaq istəyinə baxmayaraq, Azərbaycanın torpaqları işğal altındadır, Azərbaycanın bu gün 1 milyon qaçqını və məcburi köçkünü olduğu halda, bu cür beynəlxalq səviyyəli layihələr həyata keçirməyi bir möcüzədir.
- Yaxın zamanda Azərbaycanda İlk Avropa Oyunları başlayacaq. Müşahidə etdiyiniz hazırlıq işlərinə münasibətiniz necədir, sizcə, idmançılar bu tədbirdən razı qalacaqlarmı?
- Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə üzərinə böyük məsuliyyət götürüb. Hər zaman Birinci Avropa Oyunlarının Azərbaycanda keçirildiyi bildiriləcək. Başqa bir ölkənin edə bilməyəcəyi bir ölçüdə planlı, proqramlı şəkildə bütün diqqətini bu Oyunların keçirilməsinə yönəldib, yeni idman sarayları yaradılır, mövcud olanlar yenilənir. Hamımızın müşahidələrinə əsasən deyə bilərəm ki, Azərbaycan hərtərəfli şəkildə, hətta estetik nöqteyi-nəzərdən belə Avropa Oyunlarına hazırlaşır. Azərbaycan burada bir standart təqdim edəcək, Avropa Oyunları ilk dəfə burada keçiriləcək və gələcəkdə Avropa Oyunları digər ölkələrdə keçirildikdə "Bakı 2015" bir standart olaraq, referans olaraq xatırlanacaq. Azərbaycan prezidentinin və onun xanımının iştirak etdiyi Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimindən başlayaraq və Oyunların ümumi konsepsiyasınadək möhtəşəm bir şeydir. Bu idman yarışmasına qoşulan ölkələrə Azərbaycan bu cür irimiqyaslı tədbirlərin təşkilində bacarığını nümayiş edəcək və ölkənin dünya səviyyəsində daha da tanınmasına çox müsbət təsir edəcək ki, bu da bizim üçün qürur qaynağı olacaq.
- Azərbaycan da Türkiyə kimi, təkrar olunmaz koloriti, mədəniyyəti, incəsənəti, təbiəti və ən əsas da ləziz mətbəxi ilə tanınır. Bir gün Azərbaycanda missiyanız başa çatdıqda, buranı tərk etdikdən sonra nələri xatırlayacaqsınız?
- Mən hələ getmək niyyətində deyiləm, mənim qarşıda bir neçə illik xidmət dövrüm var. Amma bir gün Azərbaycandan getdikdə, fərqli xatirələrlə yanaşı, burada qarşılandığım səmimi məhəbbət və sevgi mənim daim yadımda qalacaq. Mənəvi nöqteyi-nəzərdən, səfir olduğumdan, türk olduğumdan əlavə, Türkiyədən gələn bir insan kimi, azərbaycanlıların qardaşı olduğumuzu hər zaman hiss etdik. Bu mənim üçün yaxşı bir təcrübə oldu. Mən bir çox insanların kitablarda oxuduqları, filmlərdə gördükləri qardaşlıq hisslərini məhz burada canlı olaraq yaşadım. Mən buradan xidməti vəzifəmə görə ayrılacağam və bundan sonra artıq Azərbaycanın bir elçisi olacağam. Biz bura təyin edildikdə Azərbaycanda sadəcə türk səfiri kimi deyil, eyni zamanda Azərbaycanın da bir elçisi kimi fəaliyyət göstərməyimizi tapşırdılar. Buna görə də hər zaman ortaya çıxan və çıxa biləcək bütün problemlərin həll imkanı mövcuddur. Çünki Türkiyə ilə Azərbaycan arasında həll edilə bilməyən problem ola bilməz. Problem yaratmaq istəyənlər var və buna görə diqqətli olmaq, bir-birimizə sahib çıxmaq lazımdı. Bir-birimizin qəlbdən yaxınlığına hörmət edərək ondan irəli hərəkət etmək, Azərbaycanda Şəhidlər Xiyabanında yatanlara və Çanakkala şəhidlərinə sahib çıxmaq lazımdı.
Mənə gəldikdə isə, burada yaşadığım mənəvi rahatlığı heç bir ölkədə hiss etməmişdim. Mən burada artıq üç ildir ki fəaliyyət göstərirəm və ailəvi olaraq, yoldaşımla, uşaqlarımla burada çox gözəl illərimizi keçiririk. Bu səbəbdən də, dövlətimiz uyğun gördüyü halda fəaliyyətimi uzun müddət davam etdirmək istəyirəm.
- Azərbaycana bir qardaş ölkənin nümayəndəsi kimi hansı arzularınız var?
- Azərbaycana hər bir şeyin ən yaxşısını arzulayıram. Azərbaycanın arzuları çin olsun, eyni arzuları Türkiyəyə də ünvanlayıram. Azərbaycan ümummilli lider Heydər Əliyevin qurduğu təməllərlə və hazırda cənab prezident İlham Əliyevin qarşısına qoyduğu hədəflərə sürətlə və bacarıqla nail olduqda Türkiyə həmişə şad olur. Bunu böyük rahatlıqla bildirirəm. Çünki Azərbaycan öz iradəsi və seçimləri ilə irəliləyənədək, mən əminəm ki, Türkiyənin həssas olduğu sahələrinə və maraqlarına uyğun şəkildə əməkdaşlıq edəcək. Mənim Azərbaycana əsas arzum ölkənin ən qısa zamanda ərazi bütövlüyünün bərpa edilməsinə nail olmasıdır. Orada həyata keçiriləcək çox işlər olacaq. Görmək nəsib olmasa da, Dağlıq Qarabağ çox gözəl bir məkandır. Azərbaycanın qədim mədəniyyətinin mərkəzidir. Biz muğamı indi burada dinləyirik, amma Şuşada muğamı dinləmək başqa bir zövq verəcək. Ümid edirəm ki, yenidən görmək ən qısa zamanda bizə nəsib olacaq.
Mən Azərbaycanda çox böyük həyəcan müşahidə edirəm, bura intensiv inkişaf edən bir ölkədir. Gənc nəsil çox gözəl təhsil alıb. Sadəcə, Azərbaycanın deyil, bütövlükdə Qafqazın keçmişini bilən gənc nəsil var bu ölkədə. Türkiyə ilə Azərbaycan bir-birlərinə sahib çıxaraq, bizə qarşı olan mənfi çıxışlara belə birgə daha effektiv cavab verəcək. Türkiyə və Azərbaycan bu nöqteyi-nəzərdən regionda lokomotiv rol oynaya bilərlər. Əminəm ki, Azərbaycan bugünkü kimi regionun parlayan ulduzu olaraq qalacaq.
Aynur Vəliyeva
Baxış sayı: 935
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”