12px13px15px17px
Tarix:29/11/16

Fərid Məmmədov: “Bakutel” sərgisinin hələ uzun illər telekommunikasiya bazarının ayrılmaz hissəsi olacağını proqnozlaşdırmaq mümkündür

"Iteca Caspian LLC" şirkətinin icraçı direktoru Fərid Məmmədov "Bakutel 2016" 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ərəfəsində "ICTnews" Elektron Xəbər Xidmətinin suallarını cavablandırıb.
 
 
-  Bu gün İKT sahəsi dünyada ən dinamik və sürətlə inkişaf edən bir sahədir. Bu texnoloji inkişafın güzgüsü olaraq, "Bakutel" sərgisi ziyarətçilərin qarşısına hansı yeniliklərlə çıxacaq?
 
- Həqiqətən, hazırda bütün dünyada əsl İKT "bum"u yaşanır, belə ki, son 10 il ərzində Azərbaycanda telekommunikasiya və İKT bazarı köklü surətdə dəyişməklə yanaşı, qətiyyətli addımlarla inkişaf edir və bu, ən son məhsulların, eləcə də bu məhsullar ilə bağlı inteqrasiya imkanlarının nümayiş etdirildiyi "Bakutel" sərgisində əyani şəkildə əks olunur. Bu il sərgi dünyanın 18 ölkəsini təmsil edən 200 şirkəti bir arada toplayacaq. Bu il sərgi iştirakçılarının 30%-i yeni şirkətlərdən ibarətdir və onlar Azərbaycanın İT bazarına öz məhsullarını təklif edəcəklər. Sərgidə bizim gündəlik həyatımızı yüngülləşdirən müxtəlif qacetlər, proqram təminatı, İT üzrə həll variantları, eləcə də müxtəlif avadanlıq və layihələr ziyarətçilərin yolunu gözləyir. Sevindirici haldır ki, sərgidə yerli İT şirkətlərinin məhsul və xidmətləri "Made in Azerbaijan" brendi altında təqdim olunacaq. Sərgi çərçivəsində Azərbaycanın aparıcı İKT şirkətləri, mobil və rabitə operatorları, o cümlədən sistem inteqratorları öz nailiyyətləri ilə yanaşı, yeni məhsullarını da təqdim edəcəklər. Bir sözlə, yaxın gələcəkdə ölkə bazarına daxil olacaq yüksək texnologiyalı həll variantları, habelə müasir texnologiya və xidmətlərlə ilk dəfə məhz sərgi ziyarətçiləri əyani şəkildə tanış ola biləcəklər. Bir faktı da qeyd etmək istərdim ki, bu il oyun zonasında da yeni məhsullar təqdim olunacaq. Onların arasında "Formula 1 VR Baku City Circuit" oyunu, "Fatal Fight", "Two Heroes" və ilk dəfə "Bakutel-2016" sərgisində təqdim olunacaq "Memory limit". Stenddə 360 dərəcəlik foto-video çəkilişləri də reallaşdırılacaq.

Tədbirin təşkilatçısı kimi, biz ziyarətçilər üçün "Bakutel" sərgisində bir sıra əyləncəli proqramlar hazırlamışıq. Ziyarətçilər burada xüsusi eynəklər taxmaqla virtual reallığa daxil ola, eləcə də "3D" qələminin köməyi ilə unikal əşya və predmetlər yarada bilərlər. Bundan başqa, Azərbaycanda ilk dəfə məhz "Bakutel" sərgisinin ziyarətçiləri mini-robotları idarə edərək əsl robot döyüşündə iştirak etməklə yanaşı, "ağıllı" robotla da danışa biləcəklər.
 
-  Müsahibələrinizin birində qeyd etmişdiniz ki, sərginin keçirildiyi günlərdə Bakı İKT sahəsinin qovşağına çevrilir və bütün diqqəti Azərbaycana yönəldir. Yəqin ki, bu il də sərgi öz rəngarəngliyi ilə istisna olmayacaq. Bu baxımdan, ekspozisiya sahəsi və milli pavilyonlar haqqında nə demək olar?
 
- Ötən il ilə müqayisədə, sərgi bu il daha böyük sahəni - 4000 m2-dən artıq ərazini əhatə edir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunan milli pavilyonların fəal iştirakı artıq "Bakutel" sərgisinin xoş ənənəsinə çevrilib. Bu il dünyanın 9 ölkəsi - Avstriya, Belarus, İran, İtaliya, Niderland Krallığı, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərin təqdimatlarını nümayiş etdirəcəklər. Niderland Krallığının milli pavilyonu sərgidə birinci dəfə iştirak edir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərgidə ən böyük stendlə çıxış edir və burada bir sıra maraqlı layihələr nümayiş etdiriləcək.
 
-  Adətən "Bakutel" sərgisi çərçivəsində İKT sahəsinin ümumi mənzərəsinə yenidən nəzər salmaq və onun perspektivlərini təhlil etmək məqsədilə müxtəlif formalı tədbirlər təşkil olunur. Bu il hansı tədbirlərin iştirakçısı ola biləcəyik?

- "İKT Həftəsi"nin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da dolğun və çoxtərəfli olacaq. Bu günlərdə sərgi İKT sahəsində beynəlxalq görüşlər, işgüzar danışıqlar, İKT üzrə təqdimatlar və paralel tədbirlərin keçirildiyi məkana çevriləcək. 29-30 noyabr tarixində "Hilton" otelində keçiriləcək "Əşyaların interneti: Növbəti nəsil" konfransında yüksək aktuallıq daşıyan "əşyaların interneti" mövzusuna toxunulacaq. Konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Caspian Event Organisers" və "Huawei" şirkətləri ilə birlikdə təşkil olunur. Konfransda İKT sahəsində fəaliyyət göstərən aparıcı yerli və xarici şirkətlər iştirak edəcəklər.

"Əşyaların interneti" mövzusunu "SAP" şirkəti tərəfindən təşkil edilən "Sizin strateji üstünlüyünüz" seminarı davam etdirəcək. Seminar 30 noyabr tarixində Bakı Ekspo Mərkəzinin 19 nömrəli otağında keçiriləcək və tədbirdə "SAP" şirkətinin müəssisələrin optimal şəkildə idarə edilməsi, əməyin mühafizəsi və avadanlıqların təmiri üçün təklif etdiyi "Digital Boardroom" həll variantı haqqında məlumat veriləcək.
Startaplar üçün Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil edilən "Youth Inc. Business Academy" Akselerasiya Proqramı" üzrə seminar 1 dekabr tarixində Bakı Sərgi Mərkəzinin 22 nömrəli otağında keçiriləcək.

İlk dəfə olaraq, "Bakutel" sərgisi çərçivəsində iştirakçılar və peşəkar ziyarətçilər arasında "Pamukkale Technopark Turkey" şirkəti tərəfindən təşkil olunan "İnformasiya texnologiyaları" "B2B" formatlı görüşlər keçiriləcək. Bu görüşlər 30 noyabr - 1 dekabr tarixlərində Bakı Ekspo Mərkəzinin 21 nömrəli otağında təşkil olunacaq.

Biz təhsil mövzusuna çox diqqətlə yanaşırıq və sosial məsuliyyət üzrə siyasətimiz çərçivəsində bu sahəni prioritet sahələrdən biri hesab edirik. Buna görə də biz daha bir mühüm istiqaməti - təhsil sahəsində İKT: İKT sektorunun yaxın gələcəkdə Azərbaycanda inkişafı mövzusunu dəstəkləmək qərarına gəlmişik. Beləliklə, 2 dekabr tarixində Bakı Ekspo Mərkəzinin 22 nömrəli otağında bu mövzuya həsr olunmuş "Computer Science Education - Baku 2019 and beyond" adlı konfrans keçiriləcək. Konfransın təşkilatçısı "Azerbaijan ACM Chapter", "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətləridir.
 
Göründüyü kimi, əlaqədar tədbirlərin qrafiki də çox dolğundur. Belə tədbirlərin nəticəsi həmişə müsbət təsir göstərir və yeni informasiya axınına səbəb olur. Buna görə də biz İKT mütəxəssislərini konfrans, seminar və təqdimatlarda fəal iştiraka dəvət edirik. Sərginin rəsmi veb-saytında (www.bakutel.az) bütün tədbirlər barədə daha ətraflı məlumat verilir. Bu il veb-saytımızın interfeysi tamamilə dəyişib və veb-saytdan istifadə daha da asanlaşıb.
 
- Sərgidə iştirak edən ölkə və təmsil olunan şirkətlərin tərkibinin ildən-ilə dəyişərək, xeyli zənginləşdiyini müşahidə edirik. Bəs "Bakutel"də ziyarətçi fəallığı və marağı haqda nə demək olar?

- İlk növbədə qeyd etmək istərdim ki, "Bakutel" sərgisinin ziyarətçiləri çox fəaldırlar və həm iştirakçılar, həm də bizimlə, yəni təşkilatçılarla daim ünsiyyətdə olurlar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, tanınmış sosial şəbəkələrdə "Bakutel" sərgisinin veb-səhifəsi (digər sərgilərin internet səhifələri ilə müqayisədə) birinci yeri tutur və bu səhifənin 10000-dən artıq abunəçisi var. "Bakutel" sərgisində "Fast Track" sürətli "onlayn" qeydiyyat xidməti də tətbiq olunur. Bu sistem təxminən 1 dəqiqə ərzində qeydiyyatdan keçməyə imkan verir. Bunun üçün sərginin veb-saytında qeydiyyatdan keçmək və əldə edilmiş kodu Bakı Ekspo Mərkəzindəki "Fast Track" qeydiyyat məntəqəsinə təqdim etmək lazımdır. Burada kod skan ediləcək və ziyarətçiyə sərgi barədə məlumatlarla birlikdə, xüsusi döş nişanı ("bədc") təqdim olunacaqdır. Bir çox sərgi ziyarətçisi artıq bu sistemi sınaqdan keçirib və ondan razı qalıb. Biz xeyli sayda müsbət rəy almışıq. Səhifənin 2016-cı ildə istifadəyə verildiyi andan etibarən, minlərlə ziyarətçi "Fast Track" xidmətindən istifadə edib. Ziyarətçilərin ümumi sayına gəldikdə isə, biz hər il ziyarətçi sayının artdığını müşahidə edirik. Belə ki, əgər ötən il sərgi 10000 nəfərdən artıq ziyarətçi qəbul etmişdirsə, bu il biz daha çox ziyarətçinin gələcəyini gözləyirik, çünki sərgi böyüyüb və müvafiq olaraq, sərgidə verilən təkliflərin də sayı artıb.
 
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il sərginin rəsmi açılış mərasimində iştirakı "Bakutel"in yüksək statusunu vurğulamaqla yanaşı, həm də İKT sektorunun ölkənin prioritet istiqamətlərində əsas yer tutmasının göstəricisidir. Bu baxımdan, ölkənin gələcək iqtisadi inkişaf modelində İKT-nin rolunu və digər iqtisadi sahələrə təsirini necə dəyərləndirirsiniz?
 
- Qeyd etmək istəyirəm ki, həm bu sənaye sahəsinin, həm də sərginin inkişafı ölkə rəhbərliyinin və bu sahə üzrə məsul olan nazirliyin güclü dəstəyindən asılıdır. Belə ki, sərgini Azərbaycan Respublikasının Prezidentinin ziyarət etməsi bu tədbirin yüksək statusunu göstərir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də "Bakutel" sərgisini yaxından dəstəkləyir. Fürsətdən istifadə edərək, mən "Bakutel" sərgisinə göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Builki "Bakutel" sərgisi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyi ilə üst-üstə düşür və mən hər kəsi bu möhtəşəm tarixlə ürəkdən təbrik etmək istəyirəm. Təsəvvür edin, 4 gün ərzində siz sənayenin bütün bölmələrini müşahidə etmək, perspektivləri təhlil etmək və cari təmayülləri müəyyən etmək imkanına malik olursunuz. Hər il sərgidə xeyli sayda yeni məhsul və xidmətlər təqdim edilir. Sərgi və sənayenin qarşılıqlı təsiri barədə çox danışmaq olar. Mən sadəcə "Bakutel" sərgisinin bu müddət ərzində mütəxəssislər, əlaqədar strukturlar, beynəlxalq təşkilatlar və İKT sahəsi üzrə biliklərin bir arada toplanmasında oynadığı xüsusi rolu qeyd etmək istərdim. Bu müddət ərzində Bakı şəhəri bütün region üçün İKT sənayesinin qovşağına çevrilir və bunları nəzərə alaraq, "Bakutel" sərgisinin hələ uzun illər həm ölkənin, həm də ümumilikdə regional telekommunikasiya bazarının ayrılmaz tərkib hissəsi olacağını proqnozlaşdırmaq mümkündür.
 
Biz hamınızı 29 noyabr - 2 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək "Bakutel 2016" sərgisinə dəvət edirik!




Baxış sayı: 1473

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






12 Noyabr 2024

11 11 2024