12px13px15px17px
Tarix:13/01/12

Leyla Əliyeva: “Biz hamımız planetimiz üçün məsuliyyət hiss etməliyik”

Yanvarın 17-də Londonda "Bakıda uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisinin açılışı olacaqdır. Bu ərəfədə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva bir sıra milli onlayn resurslarının nümayəndələri ilə görüşmüşdür.

Yeni media nümayəndələri ilə bir neçə saatlıq söhbət maraqlı və açıq müsahibə götürməyə imkan vermişdir.

- Salam, Leyla xanım. Bu görüşə və ötən ilin yekunlarını sizinlə müzakirə etmək, cari ildə planlaşdırılan işlər barədə söhbət etmək imkanına görə sağ olun. Ona görə də söhbətə birbaşa başlayacağam. 2012-ci ilin əvvəlində ilk növbədə bilmək istərdik, siz 2011-ci ildə Heydər Əliyev Fondunun fəaliyyətinin yekunlarını necə qiymətləndirirsiniz?


- İlk növbədə qeyd etmək istəyirəm ki, 2011-ci il bizim üçün tarixi baxımdan mühüm il olmuşdur. Özü də təkcə ona görə yox ki, keçən il yaddaşda "Eurovision"da bizim qələbə və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ili kimi qalacaqdır. Həm də 2011-ci ildə ölkəmiz dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etmişdir.

Bu əlamətdar tarix geriyə nəzər salmağa, keçilmiş yolu təhlil etməyə və təbii ki, gələcək barədə düşünməyə imkan verir. Bununla əlaqədar Heydər Əliyev Fondu Avropa ölkələrinin paytaxtlarında sözün əsl mənasında unudulmaz tədbirlər keçirmişdir.

Londonda, Parisdə, Moskvada, Berlində, Romada və Vatikanda silsilə konsertlər, sərgilər, qədim Azərbaycanın tarixinə və mədəniyyətinə, Azərbaycan xalqının müasir incəsənətinə və bənzərsizliyinə həsr edilmiş təqdimat mərasimləri təşkil olunmuşdur.

Azərbaycanın dünyada daha geniş tanınması və təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr bizim milli mədəniyyətimizin uğurla təbliği üçün şərait yaratmışdır.

Onu da qeyd etmək lazımdır ki, son illərdə Heydər Əliyev Fondu musiqi festivallarının keçirilməsi sahəsində zəngin təcrübə toplamışdır.

Dünya şöhrətli musiqiçilərin iştirak etdikləri bu festivallar klassik musiqi və muğam sənətinin gələcək ulduzlarının parladığı məkana çevrilir.

Qəbələdə hər il keçirilən beynəlxalq musiqi festivalı, Bakıda beynəlxalq muğam festivalı, M.Rostropoviç adına beynəlxalq festival və bir sıra başqa tədbirlər dünya ulduzlarının böyüməkdə olan nəsil ilə ənənəvi görüş yerinə çevrilmişdir və bütün dünyadan ən yüksək zövqlü musiqisevərləri cəlb edir.

Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri təhsil sahəsidir. Vətənimizin gələcəkdə uğurlu inkişafını məhz bu sahə təmin edir, idarəetmə kadrlarının yeni nəslini formalaşdırır.

Bizim Fond fəaliyyətə başladığı ilk ildən etibarən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramını həyata keçirir. 2011-ci ildə uğurla davam etdirilmiş bu proqram çərçivəsində biz Azərbaycanın ən müxtəlif guşələrində 400-dək məktəb binasını tikməyə və tam təmir etməyə nail olmuşuq.

Keçən il Fond "İçərişəhər" idarəsi ilə birlikdə İkinci Beynəlxalq "Qız qalası" incəsənət festivalını təşkil etmişdir. Bu festivalda dünyanın 20 ölkəsindən 25 tanınmış rəssam iştirak etmişdir.

Bu festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız qalasını populyarlaşdırmağa, tariximiz, mədəniyyətimiz barədə söhbət açmağa kömək edir və təbii ki, gənc istedadların özlərini göstərməsinə imkan yaradır.

Gördüyünüz kimi, Heydər Əliyev Fondunun layihələrinin sayı yalnız artır. Müvafiq olaraq bizim təşkilatın ən müxtəlif sahələrdə müxtəlif layihələr həyata keçirmək təcrübəsi və ustalığı da artır. Buna görə biz fəaliyyətimizin coğrafiyasını daha da genişləndirmək, milli mədəniyyəti və ənənələri, Azərbaycanı bütün dünyada təbliğ etməkdə davam etmək əzmindəyik. Bu bizim prioritet vəzifəmizdir.

-Bu yaxınlarda Siz gənclərin yeni qlobal ekoloji kampaniyasına – İDEA-ya start vermisiniz. Bu kampaniya çərçivəsində artıq ilk addımlar atılmışdır – BMT İnkişaf Proqramı ilə saziş imzalanmış, Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilmişdir. Siz ictimaiyyətin bu tədbirlərə marağını necə qiymətləndirirsiniz? Sizin ideya gənclər arasında nə dərəcədə əks-səda doğurmuşdur?

-İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür. İndi ekologiya və ətraf mühitin qorunması barədə hamı danışır. Bizim təşəbbüs isə dəb xatirinə deyildir, bu, nə isə real və hissolunan işlər görmək istəyidir. Mənim fikrimcə, bugünkü gəncləri bir məsələ narahat etməlidir: Sabah biz necə dünyada yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji problemlərin nə kimi nəticələri ola bilər?!

Biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına birgə töhfə verməliyik. Biz bunu nəzərə alaraq İDEA qlobal gənclik ekoloji kampaniyasına başladıq.

Deyə bilərəm ki, bu kampaniyanın nəticələri mənim gözlədiyimdən də artıq oldu. Biz qısa müddətdə gələcək fəaliyyət üçün daha genişmiqyaslı zəmin yarada bildik. Belə ki, 2011-ci il oktyabrın 21-də Heydər Əliyev Fondu Azərbaycan gənclərinin "Rio+20" sammitinin məqsədlərinə hazırlıq üçün səfərbər edilməsi barədə BMT İnkişaf Proqramı ilə saziş imzalamışdır.

Bu il birinci "Yer Sammiti" keçirilməsinin 20 illiyi tamam olur. Bu sammit davamlı inkişafın və dünyanın ekoloji təhlükəsizliyinin təməlini qoymuşdur. İmzalanmış sənəd bir il ərzində BMT ilə əməkdaşlığı nəzərdə tutur.

Bu layihə çərçivəsində "Rio+20" sammitinin məqsədləri barədə gəncləri məlumatlandırmaq üçün çoxlu tədbirlər keçiriləcəkdir. İyul ayına qədər biz orta və ali məktəblərdə işləyəcək, vətəndaş cəmiyyəti ilə "dəyirmi masa"lar keçirəcəyik. Bir sözlə, bu gün ətraf mühitin yaxşılaşdırılması naminə bizim hamımızı narahat etməli olan bütün məsələlər barədə danışacağıq.



Baxış sayı: 1842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






22 Noyabr 2024

21 11 2024