12px13px15px17px
Tarix:23/08/11

Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Ankarada səfərdə olmuşdur. Əli Abbasov Türkiyə paytaxtında ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidəsinin önünə çiçəklər qoymuş, əziz xatirəsini ehtiramla yad etmişdir.

Səfər çərçivəsində Əli Abbasov Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünlə görüşmüşdür. Nihat Ergün bildirmişdir ki, son illər iki qardaş ölkə arasında iqtisadi əlaqələr daha da möhkəmlənmiş, cari ildə ticarət dövriyyəsində nəzərəçarpacaq artım müşahidə olunmuşdur.

İki ölkə arasında ticarət dövriyyəsinin məbləği 1,65 milyard dollara çatmışdır və bu göstəricinin daha da artması gözlənilir. Onun sözlərinə görə, bu il yaradılmış Elm, Sənaye və Texnologiya Nazirliyi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır. Xüsusilə, universitetlər arasında informasiya-kommunikasiya texnologiyaları üzrə birgə proqramların həyata keçirilməsi zəruridir.

Əli Abbasov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri zamanı əməkdaşlığın bütün sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində inkişaf perspektivlərinin də müzakirə olunduğunu demişdir.

Bildirilmişdir ki, Ankaraya səfərindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə məruzə etmiş, dövlətimizin başçısı bir daha informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verilən əhəmiyyəti vurğulamış, müvafiq tapşırıqlarını vermişdir.

Azərbaycan bu sahədə Türkiyənin təcrübəsindən faydalanmaq istəyir. Bakıda keçirilən “Bakutel” sərgiləri, ölkəmizin hər il İstanbulda təşkil olunan “Cebitt” sərgilərində iştirakı da bu baxımdan olduqca əhəmiyyətlidir. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımla da görüşmüşdür.

Görüşdə iki ölkə arasında rabitə, informasiya-texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Hər iki nazir əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluqlarını ifadə etmişdir. Görüşlərdə Azərbaycanın Türkiyədəki müvəqqəti işlər vəkili Ceyhun Zeynalov iştirak etmişdir.

Əli Abbasov səfər çərçivəsində Bilkənd Universitetində informasiya-kommunikasiya texnologiyaları sahəsində son nailiyyətlərə həsr olunmuş konfransda da iştirak etmişdir.



Baxış sayı: 2911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024