12px13px15px17px
Tarix:22/11/11

RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İsrailin rabitə naziri Moşe Kaçlonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə qonaqları salamlayan Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər Azərbaycanın bütün sahələrdə dinamik inkişaf edərək, regionda lider dövlətə çevrildiyini və iqtisadi qüdrətinin artdığını diqqətə çatdırmış, bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sektorunda da yüksək nəticələr əldə olunduğunu vurğulamışdır.

İKT sektorunda yeni inkişaf perspektivlərinin nəzərdən keçirildiyini bildirən Ə.Abbasov daha yüksək nailiyyətlər üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Nazir İsraillə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərə də  əhəmiyyətli təsir göstərəcəyini bildirmişdir.

Öz növbəsində İsrailin rabitə naziri Moşe Kaçlo  İsrail şirkətlərinin ölkəmizə  investisiya yatırmaqda və İKT sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmiş və bunun üçün  Azərbaycanın lazımi potensialın olduğunu qeyd etmişdir.

Görüş çərçivəsində Azərbaycanda genişzolaqlı İnternet xidmətlərinin genişləndirilməsi, teleradio yayım keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyaların tətbiqi, kosmik sənayenin inkişafı, “Elektron-hökumət ” layihəsinin icrası, “Rəqəmli” TV-yə keçid və ikinci telekommunikasiya peykinin orbitə buraxılması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilmişdir.

İKT sahəsində yeni kadrların hazırlanması istiqamətində azərbaycanlı gənclərin və mütəxəssislərin İsraildə təhsil almaları və təcrübə keçmələri ilə bağlı məsələ də müzakirə mövzusu olmuşdur. Daha sonra, Azərbaycan və İsrail şirkətləri əməkdaşlıq və təcrübə mübadiləsi üçün fikir mübadiləsi aparmışlar.



Baxış sayı: 2509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024