12px13px15px17px
Tarix:31/08/12

Nazir Ali Ağanla xudahafizləşib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "TeliaSonera" şirkətlər qrupu daxilində rotasiyaya əsasən yeni rəhbərliyə təyinat alması ilə əlaqədar Azərbaycandakı missiyasını başa vuran  "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağanla görüşüb.

Nazir Ali Ağanın rəhbərliyi dövründə şirkətin mobil operator bazarında güclü rəqabət formalaşdırdığını, onun fəaliyyəti müddətində regionda ilk olaraq Azərbaycana dördüncü nəsil texnologiyaların gətirilməsinin ölkənin mobil internet bazarında yeniliklərə yol açdığını, "Azercell"in həyata keçirdiyi müxtəlif layihə və kampaniyalar çərçivəsində abonentlərə yüksək səviyyədə xidmət göstərildiyini qeyd edib.

Azərbaycanda keçirilən bir çox sosialyönümlü layihələrdə şirkətin yaxından iştirak etdiyini, o cümlədən də İKT layihələrinin əsas sponsoru qismində   "Azercell"in davamlı iştirakını da nəzərə çatdıran nazir Əli Abbasov "Azercell Telekom" MMC tərəfindən mötəbər tədbirlərə təşkilatçılıq dəstəyinin bundan sonra da veriləcəyinə əminliyini bildirib.

Səmimi görüş üçün nazirə minnətdarlığını bildirən Ali Ağan "Azercell"in rəhbərliyinə təyin edildiyi 2009-cu ilin yanvarından etibarən bu günə qədər mobil operator bazarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin operatorlar üçün yaratdığı mövcud şəraitdən məmnunluğunu ifadə edərək, mobil operatorlar bazarında münasibətlərin müsbət məcrada tənzimlənməsində RİTN-in rolunu xüsusi qeyd edib. O, həmçinin operatorların, o cümlədən də "Azercell"in fəaliyyətinə nazirlik tərəfindən daim dəstək göstərildiyini və bu əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüşün sonunda nazir Əli Abbasov fəaliyyətini bundan sonra "TeliaSonera" şirkətlər qrupuna daxil olan Özbəkistanın "Ucell" şirkətinin prezidenti vəzifəsində davam etdirəcək Ali Ağana uğurlar arzulayıb.




Baxış sayı: 1186

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024