12px13px15px17px
Tarix:07/09/12

Çin Azərbaycanın həyata keçirdiyi kosmik layihələrdə fəal iştirak etmək istəyir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Çinin Kosmik Texnologiya Akademiyasının və «Böyük Səd» sənaye korporasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Çinlə Azərbaycan arasında qurulan əməkdaşlıq yüksək səviyyədə davam etməkdədir. İki ölkə arasında telekommunikasiya sahəsində münasibətlərin daha da inkişaf etdiyini vurğulayan nazir müavini deyib ki, kosmik sənaye üzrə əməkdaşlıq əlaqələri yeni yaranır.

Azərbaycanın kosmik peykinin yaxın zamanlarda orbitə qaldırılacağını vurğulayan İ.Məmmədov Azərbaycanın bu sahə üzrə gördüyü işlərdən danışaraq gələcək kosmik layihələr haqqında qonaqları məlumatlandırıb: «Biz hesab edirik ki, Çinlə kosmik sahə üzrə əməkdaşlığın daha da genişləndirilməsi hər iki ölkəyə xeyir verə bilər».

«Böyük Səd» sənaye korporasiyasının vitse-prezidenti Qau Ruofey bildirib ki, Azərbaycana üçüncü dəfədir gəlir və hər gəlişində Bakının sürətlə inkişaf etdiyinin şahidi olub. O deyib ki, Azərbaycan regionun lider ölkəsi olduğundan Çin həm telekommunikasiya, həm də kosmik sahə üzrə əməkdaşlıq etmək niyyətindədir: «Hər iki sahə üzrə əməkdaşlıq region üçün də böyük fayda verə bilər».  Çinin Kosmik Texnologiya Akademiyasının həyata keçirdiyi layihələrdən danışan Q.Ruofey ən son proqramlarının Türkiyə ilə bağlı olduğunu önə çəkib: «Biz bu ilin sonlarına qədər Türkiyənin "Türkcell" şirkəti üçün kosmik fəzaya peyk qaldırmağı planlaşdırırıq».

Son zamanlar ölkəsinin kosmik sahə üzrə böyük nailiyyətlər əldə etdiyini deyən qonaq Çin şirkətlərinin Azərbaycanla sözügedən sahə üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib: «Biz «Azərkosmos»un bundan sonra elan edəcəyi tenderlərdə iştirak etmək istəyirik. İstərdik ki, siz də bizim Çində həyata keçirdiyimiz işlərlə tanış olasınız».

Öz növbəsində İ.Məmmədov Azərbaycanın bir peyklə kifayətlənməyəcəyini və gələcəkdə bu istiqamətdə layihələrin həyata keçiriləcəyini deyərək əlavə edib ki, elan olunacaq tenderlərdə Çinin də öz təklifləri ilə iştirak etməsi faydalı ola bilər.


SEYMUR




Baxış sayı: 1118

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024