12px13px15px17px
Tarix:09/04/13

Avstriyanın nazir müavini: “Əsas məqsədimiz Azərbaycana yeni texnologiyaların gətirilməsidir”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Avstriyanın müxtəlif sektorlarını təmsil edən şirkətlərlə keçirilən görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkələrimiz arasında əlaqələrin dostluq müstəvisində davam etdiyini, tərəflər arasında keçirilən görüşlərin müsbət istiqamətdə intensivləşdiyini nəzərə çatdırıb.

Azərbaycanda 2013-cü ilin "İKT ili" elan edilməsini də vurğulayan nazir müavini bununla bağlı artıq Tədbirlər Planının icrasına başlanıldığını, İKT sahəsinin inkişafına yönələn bir neçə mühüm qərarın qəbul edildiyin, bir neçəsinin də yaxın zamanlarda qəbul ediləcəyini qeyd edib.

Ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini deyən avstriyalı nazir müavini Andreas Rayxhard da bildirib ki, hər yeni görüş bu münasibətlərin inkişaf etdirilməsində növbəti addımdır:

"Bu əməkdaşlığın pik nöqtəsi də Azərbaycan prezidenti İlham Əliyevin Avstriyaya nəzərdə tutulan rəsmi səfəridir. Düşünürəm ki, qarşıda duran əsas məqsədlərimizdən biri də əldə etdiyimiz nailiyyətlərin qarşılıqlı rəsmiləşdirilməsi və bu məlumatların ölkə başçılarımız arasında baş tutacaq görüş çərçivəsində onlara çatdırılmasıdır. Təbii ki, ölkələr arasında konkret layihələrin həll olunmasında siyasi dairələrin apardığı danışıqlar daha səmərəli nəticələr verir. Avstriya şirkətləri Azərbaycanda qarşılıqlı maraq doğuran konkret layihələr həyata keçirə bilərlər". "Elektron hökumət" quruculuğu, "Elektron hökumət" üzrə kadrların hazırlanması, elektron səhiyyə, elektron notariat, daşınmaz əmlak sahəsində elektron ünvan və reyestr xidmətləri, elektron təhlükəsizlik, rabitə və digər sahələrdə əməkdaşlığa daha çox maraq göstərdiklərini də qeyd edən Andreas Rayxhard ölkəmizə ən müasir texnologiyaların gətirilməsinə diqqət çəkib:

"Azərbaycanla Avstriya arasında artıq müxtəlif sahələrdə kifayət qədər uğurlu layihələr həyata keçirilib. Amma bizim əsas məqsədimiz Azərbaycana "know-how" və yeni texnologiyaların gətirilməsidir. Bu baxımdan, düşünürəm ki, fiber optik kabel istehsalının Azərbaycanda qurulması "know-how" texnologiyalarının ölkəyə gətirilməsi istiqamətində atılmış ən böyük addım ola bilər". Avstriyalı qonaq qeyd edib ki, sözügedən sahənin inkişafı ilə Azərbaycanda "know-how" kimi yeni texnologiyaların uğurlu inkişafının təməli qoyulacaq:

"Bu, ilk növbədə, Azərbaycanda "know-how" sahəsində istehsalın olması, yüksəksəviyyəli iş yerlərinin açılması, eyni zamanda Azərbaycan məhsulunun beynəlxalq "hi-tech" bazarına çıxarılması istiqamətində çox böyük addım olardı. Hazırda dünyada fiber optik kabellərə ehtiyac çox böyükdür. Bu məqsədlə zavodun qurulması Qafqazda, ümumilikdə regionda "hi-tech" sahəsində ilk və ən böyük müəssisə olacaq. Həmçinin zavod təkcə Azərbaycanın daxili ehtiyaclarının ödənilməsi üçün deyil, eyni zamanda xarici bazarlara ixracat üçün nəzərdə tutulacaq".

Avstriya nümayəndə heyətinin rəhbəri əlavə edib ki, layihənin həyata keçirilməsi "hi-tech" sahəsində digər istiqamətlər üçün də mühüm siqnal olacaq. Bu da Azərbaycana yeni investisiyaların cəlbi ilə nəticələnəcək: "İstənilən sahədə yeni pilot layihənin həyata keçirilməsi həmişə çətin olub. Amma bunun qarşılığı olaraq, yeni layihələrin reallaşması daha rahat və asan başa gəlir".

Azərbaycanın gələcək hədəflərində ixrac potensiallı, rəqabətyönümlü müəssisələrin, eyni zamanda innovativ sahibkarlığın inkişaf etdirilməsinin yer aldığını deyən Elmir Vəlizadə sözügedən layihənin maraq doğurduğunu, həmçinin Azərbaycan üçün əhəmiyyət kəsb edən sahələr üzrə Avstriya ilə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.

Görüşdə iştirak edən şirkət rəhbərlərinin təqdimatları və bu aspektdə keçirilən müzakirələrdən sonra Avstriya nümayəndə heyətinin ölkəmizdə davam edən rəsmi səfəri çərçivəsində digər qurumlarla, eyni zamanda RİTN-də tərəflər arasında növbəti görüşün keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan və Avstriya arasında İKT sahəsində əməkdaşlıq barədə ilkin qərar hələ 2011-ci ilin sonlarında Bakıda keçirilən Azərbaycan-Avstriya hökumətlərarası komissiyasının 6-cı iclası zamanı əldə edilib. Daha sonra 2012-ci ilin fevralında Vyanada keçirilən hökumətlərarası komissiyanın 7-ci iclasında Azərbaycan və Avstriya arasında İKT münasibətləri, o cümlədən də informasiya-kommunikasiya texnologiyaları sektorunda investisiyaların artırılması üçün yardım məsələləri müzakirə edilib.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1011

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024