12px13px15px17px
Tarix:13/04/13

İKT sektorunda İsveçrə ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycanda səfərdə olan İsveçrə Federal Şurasının üzvü, İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın başçılıq etdiyi nümayəndə heyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) görüş keçirilib.

İsveçrənin müxtəlif sektorlarını təmsil edən şirkətlərin də iştirak etdiyi görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə dostluq müstəvisində və bütün istiqamətlərdə uğurla davam edən Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf etdirilməsində digər sahələr kimi, İKT sektorunun da xüsusi rolu olduğunu vurğulayıb.

Azərbaycanda 2013-cü ilin “İKT ili” elan edilməsini, dövlətin diqqətində olan bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritet sahə olduğunu da qeyd edən nazir müavini gələcəkdə icra olunacaq bir sıra regional və milli layihələr, o cümlədən kosmik sənayenin inkişafı, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “Avropa-Yaxın Şərq informasiya magistralı” (EPEG - “Europe Persia Express Gateway”), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, eyni zamanda “Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin təşkilindən də söz açıb. İsveçrənin İKT sahəsində aparıcı ölkələrdən olduğunu da diqqətə çatdıran E.Vəlizadə Azərbaycanda İKT sektorunda aparılan işlərdə sözügedən ölkənin təcrübəsinin də əhəmiyyətli ola biləcəyini qeyd edib.

Azərbaycanla uzun illər mövcud olan qarşılıqlı əlaqələrin intensiv şəkildə davam etdiyini və ölkəsinin bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayan nazir Yohan Şnayder İsveçrənin İKT sahəsində qazandığı nailiyyətləri və bu sektorun hazırkı durumundan söz açıb.

Müasir dünyada iqtisadiyyatın təkanverici və aparıcı qüvvəsi kimi məhz İKT sektorunun inkişafına xüsusi önəm verildiyini də deyən isveçrəli nazir bu sahənin inkişafının İsveçrənin əsas məqsədlərindən biri olduğunu nəzərə çatdırıb.

Daha sonra görüş qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1051

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024