12px13px15px17px
Tarix:02/07/14

RYTN-in xətti ilə Moskva Energetika İnstitutunda mütəxəssislər hazırlanacaq

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  (RYTN) Moskva  Energetika İnstitutunun (MEİ) rektorunun vəzifəsini icra edən prorektoru Nikolay Roqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycanla Rusiya arasında innovasiyaların, nüvə energetikasının inkişafı, kadr hazırlığı, birgə tematik konfransların keçirilməsi sahəsində  əməkdaşlıq imkanları müzakirə olunub.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov  ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, rabitə və yüksək texnologiyalar  sektorunda həyata keçirilən layihələr və əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. 

Ölkəmizdə yüksək texnologiyalar sahəsinin artan xətt üzrə inkişafına diqqət çəkən nazir Əli Abbasov davamlı nailiyyətlər üçün savadlı mütəxəssislərin olmasının vacibliyini qeyd edib.  Nazir  sahə üzrə ixtisaslı kadrların hazırlanması üçün təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü və nəinki ölkəmizdə, hətta xarici ölkələrdə azərbaycanlı gənclərin təhsil alması üçün münbit şərait yaradıldığını vurğulayıb.  "Hazırda Azərbaycan Respublikasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  uğurla icra olunur və  bu proqram çərçivəsində hər il 1500 tələbə dünyanın bir çox ölkəsində dövlət vəsaiti hesabına təhsil alır. Hesab edirik ki, Moskva  Energetika İnstitutu bu proqrama qoşula bilər və biz yeni tədris ilindən etibarən ilkin mərhələdə 10 azərbaycanlı tələbənin  bu təhsil ocağında təhsil almasını istərdik", - deyə nazir bildirib.

Öz növbəsində Nikolay  Roqalyov rəhbərlik etdiyi  institutun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanda yüksək texnologiyaların inkişafını və təhsil sistemində ən son texnoloji üsulların tətbiqini yüksək qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın perspektivli olacağına əminliyini ifadə edib.
Sonda bu ildən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə  Moskva  Energetika İnstitutunda  kadrların hazırlanması məsələsi ilə bağlı razılaşma əldə edilib.



Baxış sayı: 941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024