12px13px15px17px
Tarix:04/11/14

Nazir Əli Abbasov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu qeyd edən nazir Əli Abbasov əlaqələrin uğurlu inkişafının digər istiqamətlər kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsinə də nüfuz etdiyini vurğulayıb.
 
Sektorun inkişafının təmin edilməsi üzrə Azərbaycanın həyata keçirdiyi islahatlardan da söz açan nazir gələcək illərdə strategiyaya əsasən nəzərdə tutulan tədbirlər, o cümlədən insan resursları və biliklər potensialının formalaşdırılması, xarici və daxili investorları özünə cəlb edən əlverişli iqtisadi və biznes mühitinin yaradılması, innovativ layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarına çıxışın asanlaşdırılması kimi üç əsas sütunu cəmləşdirən “Qızıl üçbucaq” konsepsiyasından söz açıb. İnnovativ əsaslı inkişaf modelinin reallaşması, ölkənin regional İKT mərkəzinə çevrilməsi üçün Azərbaycanda Məlumatların Emalı və Saxlanılması Mərkəzinin qurulmasının vacibliyinə də diqqət çəkən nazir bu sahədə Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə aparılan işlərdən danışaraq, macar təcrübəsinə də böyük əhəmiyyət verildiyini bildirib.
 
 
Tərəflər arasında əlaqələrin yüksək səviyyəsindən, dinamik inkişafından məmnunluğunu ifadə edən Peter Siyarto da münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı perspektivlərin, qarşılıqlı marağın olduğunu nəzərə çatdırıb. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclaslarından da söz açan macarıstanlı nazir strateji münasibətlər fonunda Azərbaycanın İKT sahəsində macar təcrübəsinin tətbiqinin töhfə verə biləcəyini də qeyd edib. Xüsusən yüksək texnologiyalar sahəsi üzrə birgə layihələrin reallaşmasını, həmçinin müştərək layihələr əsasında üçüncü ölkə bazarlarına investisiya qoyuluşlarını dəstəklədiyini də vurğulayan Peter Siyarto bu addımın əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini bildirib.
 
Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində “BakuTel” sərgisinin bir platforma kimi macar şirkətlərinin diqqətini cəlb etdiyini də vurğulayan qonaq onların sayca 20-ci telekommunikasiya sərgisində də milli pavilyonla təmsil olunacaqlarını, həmçinin sərgi çərçivəsində keçiriləcək Nazirlər Toplantısına Macarıstanın rəsmi nümayəndələrinin qatılacağını diqqətə çatdırıb.



Baxış sayı: 1131

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024